“Toplum TV işi” üzrə məhkəmə davam edir: Akif Qurbanov ittihamları rədd edib, prosesi tənqid edib

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov əvvəlki iclasda başladığı çıxışını davam etdirib. 

O, qaçaqmalçılıq və vergidən yayınma ittihamlarını rədd edərək bildirib ki, təşkilatın Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi fəaliyyətinə imkan verilməyib. Bu səbəbdən, İDİ-nin Gürcüstanda qeydiyyatdan keçdiyini deyib.

Qurbanov çıxışında “Faktyoxla” platformasının yaradılmasından da danışıb. O, platformanın Azərbaycanda fakt yoxlama sahəsində ilk olduğunu, lakin daha sonra dövlətin də alternativ resurslar yaratdığını qeyd edib. Dövlət qurumlarından birinin ona “Faktyoxla” ilə əməkdaşlıq təklif etdiyini, lakin bu təklifi qəbul etmədiyini də açıqlayıb.

Jurnalist Fərid İsmayılov isə məhkəməyə vəsatət verərək səhhətindəki problemlərlə bağlı proseslərdə şəxsən iştirak etməmək üçün icazə istəyib. Hakim Penitensiar Xidmətin ona daha yaxşı şəraitli avtomobillə məhkəməyə gətirilməsi imkanına baxacağını bildirib.

İDİ əməkdaşı Əli Zeynal məhkəmə prosesində Penitensiar Xidmət əməkdaşlarının təqsirləndirilən şəxslərin müdafiəçilərinə təqdim etmək üçün yazdıqları qeydlərin əllərindən aldığını deyib və bu barədə hakimə sual ünvanlayıb. Hakim isə belə bir göstəriş vermədiyini bildirib və məsələnin araşdırılması üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edilməsini tövsiyə edib.

Məhkəmə prosesi iyulun 21-də davam edəcək.

2024-cü il martın 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb və ofis möhürlənib. Ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Həbs olunanlar arasında “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ-nin rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, “III Respublika Platforması”nın qurucu üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov var.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, 2024-cü il yanvarın 17-də onlara qarşı daha ağır ittihamlar elan olunub. Jurnalist Elmir Abbasov isə polis nəzarəti altına verilib.

“Toplum TV” baş verənlərin peşə fəaliyyətləri ilə əlaqədar olduğunu bildirib və işi müstəqil mediaya qarşı basqı kimi qiymətləndirib.