İsrailin Qətərə hava hücumunda HƏMAS liderləri xəsarət almayıb

İsrail Qətərin hava sərhədlərini pozaraq ərazisinə hücum edib. İsrail tərəfinin yaydığı məlumata görə hücumun məqsədi bu ölkədə olan HƏMAS liderlərinin öldürülməsi olub.

"Əl-Cəzirə" HƏMAS-a istinadən xəbər verir ki, HƏMAS liderlərinin İsrailin hücumunda itki verməyib.  Xəlil əl-Hayyanın rəhbərlik etdiyi yüksək səviyyəli HƏMAS nümayəndə heyəti İsrailin hücumundan sağ çıxıb.

İsrail zərbə endirdiyi məntəqədə HƏMAS liderləri Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin olduğunu ehtimal edib. Lakin ehtimallar təsdiqini tapmayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA-İsrailin daxili təhlükəsizlik agentliyi) birgə bəyanat yayıb.

Bəyanatda deyilir ki, “HAMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib”.

"İllərdir HAMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər.

Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb.

İsrail Müdafiə Qüvvələri və ISA 7 oktyabrda kütləvi qətldən məsul olan HƏMAS terror təşkilatını məğlub etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcək", - bəyanatda deyilir.

Bütün cəhdlərə baxmayaraq İsrail məqsədinə çata bilməyib.