Həbsdə olan Nərgiz Absalamova Norveçin “Fritt Ord” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondları tərəfindən təsis edilmiş “Azad Media” mükafatına layiq görülüb.
Press-relizdə bildirilir ki, Absalamova “Abzas Media”dakı cəsarətli reportajları və qısa sənədli filmlərinə görə mükafatlandırılıb. O, iqlim, korrupsiya və sosial hüquqlar mövzularında xəbər hazırlayıb, həssas icmaların və ayrı-seçkiliyin qurbanı olan qadınların və gənclərin səsinə səs verib. Onun videoreportajları sosial mediada milyonlarla baxış toplayıb.
Təşkilatlar qeyd ediblər ki, Absalamova hələ azadlıqda ikən polis zorakılığına məruz qalıb, kamerası müsadirə olunub və qadın jurnalistlərə qarşı hücumlar onları ictimai həyatdan uzaqlaşdırmaq məqsədinə xidmət edir.
Mükafata layiq görülənlər arasında Ukrayna, Gürcüstan, Macarıstan, Rusiya və Belarusdan jurnalistlər də var.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə qərar çıxarıb. Nərgiz Absalamova 8 il azadlıqdan məhrum edilib. Digər jurnalistlər də müxtəlif müddətlərə həbs cəzası alıblar. Onlar qaçaqmalçılıq daxil olmaqla bir neçə maddə üzrə ittiham olunublar, lakin müdafiəçiləri istintaqın sübutlarının kifayət etmədiyini bildiriblər.
Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb