Sülhməramlılar Əfqanıstana yola salınıb

Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
 
Bu barədə yanvarın 23-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, onlar NATO-nun «Qətiyyətli Dəstək» missiyasının tərkibində fəaliyyət göstərəcəklər.
 
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı missiyada iştirak edir.
 
1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.