Samir Babayevin Kürdəxanaya köçürülmə səbəbi bəlli olub

Siyasi məhbus Samir Babayevin martın 30-da müəmmalı formada cəza çəkdiyi 2 saylı müəssisədən 1 saylı Kürdəxana İstintaq Təcridxanasına köçürülməsi səbəbi bəlli olub. Müəssisədən verilən məlumata görə S. Babayevin “daxili qaydaları tez-tez pozması” onun köçürülməsinə gətirib çıxarıb. Onun pozduğu qaydalara gəlincə isə Samirin hər bir dustaq üçün müəyyən olunmuş normaların verilmə tələbi həbsxanada “daxili qanunlar” yaradan müəssisə rəhbərliyini sözün əsil mənasında narahat edib. Dəfələrlə Samirə “qarışma” göstrişi verilsə də, onun haqsızlığa etirazı sonunda rəhbərliyin Samirin “şərrini” uzaqlaşdırmaq kimi qərarı ilə nəticələnib.
 
Həbsxanalarda daxili qanunlar deyilən qərarlar rəhbərliyin maraqlarına, məhbusların istismarına hesablanması heç kəs üçün gizlin deyil. Bunun üçün həbsxanaya ilk gələn məhbusların karantindən həbsxanaya buraxılması üçün 1000 manatdan 3000 manata qədər pul tələbindən satılan yerlərə, “toçkaların” qiyməti, telefon, hamam tarifləri də daxil yüzlərcə müəyyən olunmuş “qanun”u misal göstərmək olar. Görüşə gələrkən qapıdan görüş otağına qədər uzanan məsafədə alınan pullar isə ağlasığmaz qanunsuzluğa başqa bir nümunədir. Pentesiarın rüşvət siyasəti təcridxanada otaq bölgüsündən cəzaçəkmə müəssisələrinə göndərilmək üçün tələb edilən məbləğlərə qədər ağlasığmaz rəqəmləri özündə ehtiva edir ki, bunlardan birinə, yalnız birinə etiraz isə “daxili qaydaların pozulması” kimi qıymətləndirilərək cəzanı qaçılmaz edir.
 
Hansı tərəfin və necə qaydaları pozması hər kəsə bəlli olsa da, qanunun deyil, şahin qanun olduğu mühitdə danışanın cəzalanması təkcə qismən azadlıqda yaşayanlar üçün deyil, şərlənərək dörd divar arasında olan məhbusların da həyatına şamil olunur.
 
Samir Babayev hal-hazırda 1 saylı Kürdəxana İstintaq Təcridxanasındadır. Yəqin ki, növbəti addım onun hansısa başqa bir zona köçürülməsi ilə müşahidə olunacaq.