Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
Azərbaycanın 2018-ci il iyulun 1-dən dekabrın 31-dək QDİƏT-də sədrliyi «Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi» şüarı altında həyata keçirilir. Azərbaycanın sədrliyinin əsas prioritetləri sırasında QDİƏT məkanında səmərəli, etibarlı, təhlükəsiz nəqliyyat, tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.
Azərbaycandan sonra QDİƏT-ə sədrlik Bolqarıstana keçəcək. Bundan əvvəl isə sədrlik Ermənistanda olub.
İclası Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov açıb. O vurğulayıb ki, bu toplantı fikir mübadiləsi aparmağa və təşkilat çərçivəsində mövcud əməkdaşlıq səviyyəsini müzakirə etməyə imkan yaradacaq.
"İclasın gündəliyinə həmçinin, işimizin effektivliyinin artırılması, ticarət, enerji, turizm, tranzit, kənd təsərrüfatı sahəsində əməkdaşlığın təşviq edilməsi və bir sıra digər məsələlər daxildir" - E.Məmmədyarov deyib.
Bakıda 39-cu QDİƏT toplantısı keçirilir
Oxşar xəbərlər