Noyabrın 16-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxslər məhkəmədə iştirak etməsələr də onların hüquqlarını müdafiə edən vəkillər: Akif Əliyev, Şəhla Hümbətova və Zibeydə Sadıqova,eləcə də dövlət ittihamçısı Müstəcəb Əliyev prosesdə iştirak ediblər.
Vəkil A. Əliyev çıxışında kassasiya şikayətinin dəlillərini qeyd edib və iş üzrə protokollarda bir neçə yerdə imzaların Elman ağayevə məxsus olmadığını bildirib və əsassız ittihamlarla müdafiə etdiyi şəxslərə qarşı qaldırılmış cinayət işinə xitam verilməsini məhkəmədən istəyib.
Vəkil Z. Sadıqova müdafiə vəkillərinə verilən hökmdə ittiham aktında olanların hökmə köçürüldüyünü, müdafiə etdiyi şəxslərin dinlənilmək hüququnun pozulduğunu, eləcə də müdafiə vəkillərinin heç bir arqumentinin məhkəmə tərəfindən nəzərə alınmadığını deyərək, məhkəmədən onlara bəraət qərarı çıxarılmasını istəyib.
Vəkil Ş. Hümbətova isə çıxışında Bakı Apellyasiya Məhkəməsinin qərarının ilk instansiyadakı pozuntularla eynilə köçürüldüyünü məhkəməyə bildirib və kassasiya şikayətinin dəlillərini müdafiə etdiyini deyib.
Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi kassasiya şikayətinin təmin olunmadığı barədə qərarını elan edib.
Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər. 6 dekabr 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Zülfüqar Mikayılovun 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 6 dekabr 2017-ci il tarixdə çıxardığı hökmdə Z. Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi barədə ayrıca qərar çıxarıb. 17 aprel 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi 11 nəfərin barəsində ilkin instansiya məhkəməsinin hökmündə dəyişiklik etməsə də, Z. Mikayılovun cəzasının xüsusi rejimdə çəkilməsi barədə qərar çıxarıb.
"Nardaran işi 3"-ün kassasiya şikayəti təmin edilmədi
Oxşar xəbərlər