"Təqsirləndirilən şəxslər ümumiyyətlə, heç hadisə yerində olmayıblar" - Video

Martın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə "Nardaran işi 2" üzrə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Məhkəmə təqsirləndirilənlərdən Nahid Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyevin məhkəmə çıxışı ilə davam edib. Belə ki, müdafiə etdiyi şəxslərin təqsirsizliyi ilə bağlı fikirlərini, bundan başqa müdafiə tərəfin ibtidai istintaqdan başlamış məhkəmə istintaqı ilə razılaşmadıqlarını və təqsirləndirilən şəxslərin özlərinin onlara qarşı olan ittihamları absurd və qondarma olduğunu söylədiklərini bildirib:

“Ümumiyyətlə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin bir-birinə qarşı verdiyi ziddiyətli ifadələr , zərərçəkmiş şəxslərin bir-birinə qarşı verdiyi ifadələr onu sübut etdi ki, həqiqətən müdafiə etdiyim şəxslər onlara qarşı verilmiş ittihamla razı deyillər, özlərini təqsirli bilmirlər. Həmin ittiham üzrə heç bir işin faktiki halları ilə yekun nəticəsi üst üstə düşmür. Buna əsasən biz ilk olaraq bəraətin əsaslarını məhkəmədə sadaladıq. Çox maraqlıdır ki, təqsirləndirilən şəxslər ümumiyyətlə, heç hadisə yerində olmayıblar. İkincisi də ondan ibarətdir ki, hadisə yerində olmamaqla bərabər şəxslər hamısı ayrı-ayrı epizodlarla həbsə alınıblar. Bundan başqa həmin şəxslər bir cinayətdə birləşdirilərək kütləvi ixtişaşın yaranmasının səbəbkarları kimi göstəriliblər. Halbuki, onlar dini ictimai təbliğatın sivil yolla aparılmasının tərəfdarı olublar və bu şəxslərə qarşı xüsusilə ağır ittihamlar irəli sürülüb”. 

Vəkilin çıxışından sonra məhkəmə 4 aprel saat 15:30-a təyin edilib.

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dekabrın 16-da prokuror çıxışında Elçin Qasımovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 28 dekabr 2017-ci il tarixdə Bakı ağır Cinayətlər Məhkəməsi Elçin Qasımov və Ağəli Yəhyayevin 15 il, Ramil Əliyev 14 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradovun hər biri 12,5 il, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyevin 12 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.