Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxış edib.
Qaynarinfo xəbər verir ki, Türkiyə prezidenti nitqində İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətinin detallarını açıqlayıb:
"Camal Qaşıqçı 28 sentyabrda Səudiyyə Ərəbistanı İstanbul Konsulluğuna gedib. Bu barədə cinayəti planlaşdıran qrup xəbərdar edilib. 1 oktyabrda 3 nəfərlik qrup İstanbula gəlib. Konsulluqdan 3 nəfər Belqrad və Yalova meşələrini kəşfiyyat məqsədilə ziyarət edib. 2 oktyabrda digər 3 nəfər İstanbula gəlib, aralarında generalların da olduğu digər 9 nəfər isə başqa hotelə yerləşib.
15 nəfərlik bu komanda 2 oktyabrda səhər saatlarında konsulluqda görüşüblər. 13:08-də binaya daxil olan Qaşıqçı bir daha oranı tərk etməyib. Ona bənzədilən, Qaşıqçını təqlid edərək təhlükəsizlik kamerasına düşməyə çalışan şəxs isə Səudiyyəyə qayıdıb. Səudiyyə Ərəbistanı rəsmiləri 4 oktyabrda cinayəti inkar etdi. Biz heç kimi boş yerə günahlandırmamaq üçün istintaq prosesinin sonunu gözlədik. 19 oktyabrda, cinayətdən 17 gün sonra Səudiyyə Qaşıqçının öldürüldüyünü rəsmi olaraq təsdiq etdi. Həm baş konsul, həm Səudiyyə rəhbəri Kral Salman, həm də ABŞ prezidenti Donald Trampla məsələni müzakirə etmişik. Cinayətdə iştirakda ittiham olunan 15 nəfər və 3 konsulluq işçisi hazırda həbsdədir.
Bu günə qədər əldə etdiyimiz bütün sübutlar jurnalistin konsulluq binasında vəhşi cinayətin qurbanı olduğunu göstərir. Belə bir faktın gizlədilməsi insanın vicdanını yaralayar. Səudiyyə Ərəbistanından cinayətdə iştirak edən hər kəslə bağlı tədbir görmələrini gözləyirik. Cinayətin planlı şəkildə törədilməsi barədə əlimizdə sübutlar var. 15 nəfər niyə İstanbulda toplaşdı? Camal Qaşıqçının cəsədi hələ də niyə ortalıqda deyil? Cinayət göz önündə olduğu halda niyə əsassız açıqlamalar verilib? Konsulluq binası Səudiyyə torpağı hesab edilsə də, hadisə İstanbulda baş verib. Cinayətdə iştirak edən şəxslərin məhkəmə prosesi İstanbulda keçirilməlidir".
Ərdoğan Qaşıqçı cinayətinin detallarını açıqladı
Oxşar xəbərlər