Rakurs.tv-nin verdiyi xəbərə görə, oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin Yasamal rayon Məhkəməsinin 28 sentabr 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə prosesi qapalı keçirilib.
Məhkəmədə M. İbrahimin özü və vəkili Cavad Cavadov da iştirak ediblər.
Vəkil C. Cavadov həbsin seçilməsi üçün nə maddi, nə də prosessual əsasların mövcud olmadığını qeyd edib. M. İbrahim çıxışında tapılan kəsici alətin ona məxsus olmadığını və baş verənləri ona qarşı təxribat hesab etdiyini məhkəməyə bildirib.
Məhkəmə qısa sürən müşavirədən sonra qərarın dəyişdirilmədiyini elan edib.
Xatırladaq ki, AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. 13 may 2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 28 sentyabr 2016-cı il tarixdə Ali Məhkəmə bu qərardan verilən kassasiya şikayətini təmin etməyib. 2018-ci ilin 28 sentyabr tarixində Yasamal rayon məhkəməsi 317.2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, 6 aya qədər həbs) maddəsi ilə təqsirləndirilib, 2 aylıq həbs qəti imkan tədbiri seçib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi buna səbəb kimi cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından kəsici-deşici alətin tapılmasını bildirir.
AXCP sədrinin müşavirinin apellyasiya şikayəti təmin olunmadı
Oxşar xəbərlər