Koçaryana ölkədən çıxış qadağası

Ermənistanın Xüsusi İstintaq Xidməti sentyabrın 4-də sabiq prezident Robert Koçaryan barəsində başqa yerə getməmək tədbiri seçib. 
 
Robert Koçaryanın ölkədən çıxmasının yasaqlandığı bəyan edilib. Onun sənədlərinin istintaq orqanında olduğu bildirilir.
 
Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Koçaryana iyulun 26-da cinayət işi qaldırıb. Robert Koçaryan bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
 
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Koçryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb.