Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşdı

İyulun 5-də "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 79,62 dollara yüksəlib.
 
AZƏRTAC-ın məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 77,77 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 73,80 dollara satılır.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. İyunun 29-da Milli Məclis dövlət büdcəsində dəyişikliklərə səs verib. Büdcənin mədaxil mənbələrində dəyişikliklər edilib. Əsas yenilik Dövlət Neft Fondundan büdcəyə köçürmənin yuxarı həddinin 10 milyard 966 milyon manata artırılması olub. Xam neftin 1 barrelinin satış qiyməti 55 ABŞ dollarından götürüləcək.
 
"AzəriLayt” 2018-ci ildə 69,89 dollarla start götürüb. Gündəlik neft hasilatının yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel olduğu açıqlanıb.
 
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının 80,3 faizi xam neft və xam neft məhsulları olub.