NİDA fəalının polis bölməsinə aparıldığı deyilir

NİDA Vətəndaş Hərəkatı rəhbərlərindən Əbülfəz Qurbanlının polisə aparıldığı bildirilir.
 
Azadlıq Radiosu-nun xəbərinə görə, o, mayın 30-u, günün birinci yarısında yaşadığı Sumqayıt şəhərində saxlandığını bildirib:
 
"Səhər evdən çıxanda 3 nəfər yaxınlaşdı, onlarla Sumqayıt Şəhər Polis İdarəsinə getməli olduğumu bildirdilər. Etiraz etməyib, onlarla birgə polisə getdim”.
 
Qurbanlı burada idarənin rəis müavininin yanına aparılıb:
 
"O, mayın 28-də keçirilmiş cumhuriyyət yürüşündə iştirak etdiyimi, təşkilatçı olduğumu, şüar səsləndirdiyimi dedi. Mən də bayram tədbirində iştirak etdiyimi, orada qanundan kənar heç nə olmadığını bildirdim. Polisin yolu kəsib yürüşə imkan vermədiyini dedim”.
 
Polisdə ailəsinin tərkibi və fəaliyyəti haqda sualları da cavablandırdığını deyən Əbülfəz Qurbanlı iki saatdan artıq idarədə saxlandığını qeyd edib. Onun sözlərinə görə, sonda şifahi xəbərdarlıq edilərək sərbəst buraxılıb.
 
Əbülfəz Qurbanlının bu açıqlamasına, hələlik, Sumqayıt Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.