“BBC”nin Əfqanıstanda 5-ci jurnalisti öldürüldü

“BBC”nin əməkdaşı Əhmad Şah Əfqanıstanın Host əyalətində öldürülüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əyalətdə silsilə terror aktları nəticəsində media nümayəndələri də daxil olmaqla, 40-a yaxın insan qətlə yetirilib.

“BBC”nin Əfqanıstan bürosunun jurnalisti, 29 yaşlı Əhməd də onlardan biri olub. Polisin bildirdiyinə görə, naməlum şəxs jurnalistə atəş açıb. Qətlin səbəbi araşdırılır. 

Kanalın “Ümumdünya xidməti”nin rəhbəri Cemi Anqus əməkdaşlarının ölümünün ağır itki olduğunu deyib:

“Bu, böyük itkidir. Əhməd Şahın ailəsinə, dostlarına və yaxınlarına, “BBC”nin Əfqanıstan bürosunun əməkdaşlarına başsağlığı veririk. Onun ailəsinə bu çətin məqamda kömək olmaq üçün əlimizdən gələni edəcəyik”. 

Xatırladaq ki, ötən il “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı Əfqanıstanı jurnalistlər üçün təhlükəli üçüncü ölkə adlandırmışdı. Əhməd Şah 1990-cı ildən bəri “Bi-bi-si”nin Əfqanıstanda qətlə yetirilən 5-ci jurnalistidir.