Azərbaycanlı futbolçular məktəblərdə hicab qadağasına etiraz edirlər

Sosial şəbəkələrdə etdikləri paylaşımlarla bir qrup azərbaycanlı futbolçu ölkədə son günlər hicabla bağlı yaranan gərginliyə münasibət bildiriblər. Futbolçular — Musa Qurbanlı, Toral Bayramov, Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev və başqaları məktəbli qızlara tətbiq olunan hicab qadağasına etiraz edirlər.
Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formasına dair qaydalara dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.
Qərarın qəbulundan sonra bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmamasını əks etdirən videogörüntülər də yayılıb.
Məsələ ilə bağlı Türkiyə mediasında da Azərbaycanda hicabla bağlı yaranmış vəziyyət kəskin tənqid olunaraq müzakirə mövzusuna çevrilib. Lakin Azərbaycan rəsmiləri məsələ ilə bağlı hər hansı aydınlıq gətirməkdən çəkinirlər.