Umbakı həbsxanasında 10-a yaxın məhbus aclıq aksiyasını davam etdirir

“Toplum TV işi” üzrə 12 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində bir qrup inanclı məhbusun aclıq aksiyasına başladığını bildirib.

Onun sözlərinə görə, məhbuslar hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz edirlər.

Fərid İsmayılov bildirib ki, 10-a yaxın məhbus aclıq aksiyasını davam etdirir.

Jurnalistin “Toplum TV”də dərc olunan yazısını olduğu kimi təqdim edirik.

Oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ölkə həbsxanalarından etirazlarla qarşılandı. Umbakı Penitensiar Müəssisəsində bu etirazlar hələ bir neçə gün əvvəl - oktyabrın 8-dən başlamışdı.

Günorta namazlarından sonra hicaba qadağaların olacağı ilə bağlı məlumatlar yayılırdı. Digər məhbuslarla əlaqəm məhdudlaşdırılsa da, bu qərara etiraz edənləri görmək və danışmaq imkanım oldu.

Oktyabrın 15-də Vəli Allahverdiyev adlı inanclı məhbusun əlləri arxadan bağlanaraq “kars”a (cərimə kamerası) aparıldığını gördüm. Qısa söhbətimiz zamanı aclığa başladığını bildirdi:

“Hicab qadağasına etiraz olaraq aclığa başlamışam. Buna görə də “kars”a aparılır. Zülmə susmaq istəmirəm”.

Oktyabrın 16-da daha bir məhbus - Hüseyn Rzayev aclığa başladığını bildirdi:

“Aclıq kamerasına aparmırlar, deyirlər ki, “kars” ağzınadək doludur. Ona görə də öz kameramda saxlanılıram. Mənim üçün fərqi yoxdur. Hökumət Azərbaycan bayrağındakı yaşıl rəngi soldurmaq istəyir. Məqsəd hicabı, islamı yox etməkdir”.

Bir sıra məhbus aclıq aksiyasını müvəqqəti olaraq dayandırdıqlarını desələr də, hələ də 10-a yaxın inanclı məhbusun aclıq etdiyi deyilir.