Mayın 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi (DSX) məktəbinin 10-cu sinfində təhsil alan Məzahir İslamov vəfat edib.
Bu haqda Meydan TV-yə adının hallandırılmasını istəməyən hərbçi məlumat verib. Onun sözlərinə görə, İslamov təhsil aldığı məktəbdə intihar edib.
Məzahir İslamov 5-ci sinifdən etibarən DSX-nın hərbi məktəbində təhsil alırmış.
Hadisə ilə bağlı yerli medialarda da bir neçə xəbər yayılıb.
“Musavat” yazır ki, İslamov ölümündən öncə müəllimi ilə əlaqə saxlayıb, daha sonra onun öldüyü məlum olub. Sayt yazır ki, İslamov atasının istəyi ilə həmin məktəbdə təhsil alıb və buna etiraz etsə də, ailəsi onun istəyini nəzərə almayıb.
Mediada gedən xəbərlər əsgərin müammalı şəkildə, evində öldüyü qeyd edilsə də, mənbənin sözlərinə görə Məzahir İslamov məktəbdə intihar edib.
Dövlət Sərhəd Xidmətinin qaydalarına əsasən kursantlar həftənin 5 günü məktəbdə qalır.
İslamovun atası Qurbanəli İslamovun müharibə iştirakçısı olduğu bildirilir.
Bundan əvvəl mayın 12-də DSX-də xidmət edən əsgər Hüseyn Əsədov vəfat etmişdi. 20 günün əsgəri olan Əsədovun hərbi xidmət zamanı keçirdiyi xəstəlik səbəbindən öldüyü bildirilirdi.
Həmçinin aprelin 13-də DSX-nın 1-ci kurs kursantı Əsəd İsmayıllı vəfat edib. Onun ölümünün səbəbi barədə heç bir məlumat verilməyib.
Bu son bir ayda Dövlət Sərhəd Xidmətində 3-cü belə hərbçi ölümü hadisəsidir.
Dövlət Sərhəd Xidməti əsgərlərin ölümü ilə bağlı hər hansı bir açıqlama verməyib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədovun araşdırmasına əsasən, 2026-cı ilin fevral ayına qədər Azərbaycanda azı 8 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib.
2025-ci ilin hesabatına əsasən isə, ümumilikdə, 42 hərbçi qeyri-döyüş şəraitində vəfat etmişdi. Onlardan 11-i Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.
Bu son bir ayda Dövlət Sərhəd Xidmətində 3-cü belə hərbçi ölümü hadisəsidir