AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı dinləmə keçirilib.

Dinləmədə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli Azərbaycanda siyasi müxalifətə qarşı yeni cinayət işlərinə nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsini və mühacirlərə qarşı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə açılan cinayət işlərini göstərib.

"Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsini müxtəlif cür şərh etməklə qanunları siyasi müxalifətə qarşı öz əlində silaha çevirir. Jurnalistlərə qarşı isə maliyyə ilə bağlı cinayətlərlə əlaqəli ittihamlar irəli sürülür", - o qeyd edib.

Daha sonra çıxış edən "Qəzetçi" nəşrinin baş redaktoru Leyla Mustafayeva isə akademik tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun "qurama ittihamlarla" həbsdə olduğunu xatırladıb.

Jurnalist ötən il xaricdəki tənqidçilərin Azərbaycana ekstradisiya və ya deportasiya edildiyini qeyd edib. O, bunlara nümunə olaraq Türkiyədən deportasiya edilən talış fəal Kamal İsayev və siyasətçi Gültəkin Hacıbəyli və Gürcüstandan deportasiya edilən jurnalist Əfqan Sadıqovun adlarını çəkib. L.Mustafayeva xatırladıb ki, Ə.Sadıqovun Azərbaycana ekstradisiyasının qadağan edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olub.

Jurnalist "Meydan TV işi" üzrə həbsdə olan jurnalistlər Ülviyyə Əli, Aysel Umudova və Aytac Tapdığa qarşı seksual qısnama halları baş verdiyini bildirib. O əlavə edib ki, "Toplum TV işi" üzrə həbsdə olan Ələsgər Məmmədli, "Meydan TV işi" üzrə həbsdə olan Aynur Elgünəş və səhhətlərində problemlər olan başqa şəxslərin tibbi xidmətə çıxış imkanları məhdudlaşdırılır.

Onun ardınca söz alan Avropa Xarici Fəaliyyət Xidmətinin bölmə rəhbəri Deren Derya da B.Səmədov və İ.Əbilovun həbslərini xüsusi qeyd edib, bunu akademik azadlığa qarşı təzyiq adlandırıb.

"Onların cinayət işlərindəki ziddiyətli məqamlar akademik fəaliyyətlərinə görə həbs olunduqlarını göstərir. Bu isə məhkəmə hakimiyyətinin ədalətliliyinə şübhə salır və bütün dünyada akademiklərin azadlıqlarına təhdid yaradır", - o qeyd edib.

D.Derya yerli hüquq müdafiəçilərinə istinadən Azərbaycanda 350-dən çox siyasi məhbusun olduğunu, "Sərhədsiz Reportyorlar"ın son indeksində Azərbaycanın sonuncu onluğa düşdüyünü əlavə edib.

"Azərbaycanın Avropa Şurasına üzvlüyü onun üzərində mətbuat azadlığı və digər hüquqları qorumaq barədə öhdəliklər yaradır. Bu öhdəliklər şərti deyil", - o bildirib.

D.Deryanın sözlərinə görə, Avropa İttifaqı (Aİ) nümayəndələri Azərbaycanda siyasi məhbusların məhkəmələrinin monitorinqini aparır, onların hüquqi müdafiəçiləri ilə əlaqə saxlayır və müstəqil mediaya yardım etməyə davam edir.

Azərbaycanı Aİ üçün "etibarlı enerji tərəfdaşı" adlandıran D.Derya bunun hərtərəfli əməkdaşlıq üçün kifayət etmədiyini, Azərbaycanın insan hüquqları və məhkəmə sahəsində islahatlar etməli olduğunu bildirib.

Çıxışçılardan Avropa Parlamentinin Hollandiyadan olan üzvü Katarina Vieyra Azərbaycanın "etibarlı tərəfdaş" adlandırılmasına etiraz edib.

"Vətəndaşları ilə bu cür rəftar edən hökumətdən etibarlı və dəyərli tərəfdaş ola bilməz. Bu cür hüquq pozuntularına bizim xarici siyasətimizdə göz yummaq olmaz. Bir ölkədən qaz alırıq deyə onu tənqid etməyə bilmərik", - o əlavə edib.

Digər Avropa Parlamenti üzvləri də parlamentin dekabrın 18-də qəbul etdiyi qətnaməni xatırladaraq Aİ-yə qətnamənin icrası üçün çağırış ediblər. Həmin qətnamədə Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğu vurğulanır və hökumətə qarşı sanksiyalar çağırışı edilir.

Yenidən söz alan S.Rəhimli bu dəfə Aİ üçün Azərbaycanda dünyəvi müxalifət və vətəndaş cəmiyyətinin önəmindən danışıb.

"Hazırda ölkədə fəaliyyətimiz yoxdur. Bu təkcə insan hüquqları və demokratiya ilə bağlı məsələ deyil. Gələcəkdə iqtisadi və ya başqa səbəbdən hakimiyyət dəyişikliyi baş verərsə, hakimiyyəti kimin əvəz edəcəyini bilmirik. Buna görə də ölkədə dünyəvi və demokratik müxalifətin olması Aİ üçün də vacibdir", - o bildirib.