Keçmiş partiya sədri məhkəmə zalında həbs edilib

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində çıxış edən şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.

Məlumata görə, iki zərərçəkən dəymiş ziyanı ödəmədiyini əsas gətirərək A.Əsədlinin həbsi barədə məhkəməyə vəsatət verib. 

Məhkəmə həmin vəsatəti təmin edib və onun həbsi barədə qərar çıxarıb.

Anar Əsədli məhkəmə zalında həbs edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur. Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb.
A.Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılıb.

Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.
Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da var.
2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın sədri seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.
2023-cü ilin iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə Aanar Əsədli həbsdə olub.