Bu gün Hacı Şahin Həsənlinin doğum günüdür

Hacı Şahin... Hər kəsin qəlbində özəl sevgi qazanmış əvəzsiz insan. Yaşasaydı bu gün 51-ci yaşını qeyd edəcək ilahiyyatçı. Artın iki ildir ki, o, aramızda yoxdur.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2001-ci ildən dünyasını dəyişən günə qədər Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat oldu.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

2016–17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.

"Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.

Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu vardı.

Hacı Şahin 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edir. Məzarı Yasamal qəbiristanlığındadır.

Allah rəhmət eləsin.