İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh sazişi ilə bağlı danışıqlar baş tutub

İyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh sazişi ilə bağlı danışıqlar baş tutub. Görüş bir saatdan çox davam edib.
Tərəflər görüş zamanı gələcək sülh sazişi üçün hazırladıqları memorandum layihələrini təqdim etməli idilər. “Financial Times” qəzetinin müxbiri Kristofer Miller Ukraynanın hazırladığı sənədin mətnini yayımlayıb. Sənəddə aşağıdakı əsas bəndlər yer alıb:
* Döyüş əməliyyatlarının tam və qeyd-şərtsiz dayandırılması;
* Rusiyanın işğal olunmuş Ukrayna ərazilərindən zorla apardığı uşaqların və mülki şəxslərin geri qaytarılması; "hamı hamıya" prinsipi ilə əsir mübadiləsi;
* Ukraynanın təhlükəsizliyi üçün güclü beynəlxalq zəmanətlər;
* Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaq hüququnun tanınması;
* Aİ ölkələrinin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi;
* Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi ərazilərin tanınmaması;
* Təmas xəttinin danışıqların başlanğıc nöqtəsi kimi qəbul olunması;
* Ərazi məsələlərinin yalnız atəşkəsdən sonra müzakirə olunması;
* Rusiya ilə bağlı bəzi sanksiyaların mərhələli şəkildə aradan qaldırılması. Eyni zamanda, dondurulmuş Rusiya aktivləri Ukraynanın bərpası üçün istifadə olunacaq və ya Rusiya reparasiya ödəyənə qədər dondurulmuş qalacaq.
Rusiyanın təqdim etdiyi sənədin detalları hələlik açıqlanmayıb. Lakin əvvəlki məlumatlara görə, Moskva Krım yarımadasının və rus ordusunun nəzarətində olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını tanımağı tələb edir. “Reuters” agentliyi isə mənbələrə istinadən bildirib ki, Rusiya prezidenti Vladimir Putin sülh müqaviləsi üçün Qərb liderlərindən NATO-nun şərqə genişlənməsinin dayandırılmasına və bəzi sanksiyaların ləğvinə dair yazılı zəmanət istəyir.
Ukrayna nümayəndə heyətində bəzi kiçik dəyişikliklər edilsə də, danışıqlara yenə də ölkənin müdafiə naziri Rustem Umerov rəhbərlik edib. Rusiya tərəfinin heyətinə isə prezident Putinin köməkçisi Vladimir Medinski başçılıq edir və heyətdə dəyişiklik olmayıb.