Gürcüstanda müxalifət lideri məhkəmə zalında həbs olunub

Gürcüstan müxalifətinin liderlərindən biri Zurab Caparidze mayın 22-də məhkəmə zalında həbs olunub. 

“Dəyişiklik üçün Koalisiya”nın liderlərindən olan Caparidze Gürcüstan parlamentinin Müvəqqəti İstintaq Komissiyasının qanuni tələblərinə əməl etməməkdə günahlandırılır.

O, komissiyanın iclaslarına qatılmaqdan imtina edib. 

Buna görə Tbilisi Şəhər Məhkəməsi Caparidzenin barəsində əvvəllər 20,000 lari məbləğində girov təyin edib. 

Mayın 22-də isə girov ləğv edilərək, həbs qətimkan tədbiri seçilib.

Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsinə əsasən, parlamentin istintaq komissiyasının qanuni tələblərinə əməl etməmək bir ilə qədər azadlıqdan məhrumetmə və ya üç ilə qədər vəzifə və fəaliyyət qadağası ilə cəzalandırıla bilər.

Caparidze məhkəmə zalında qandallanarkən “Biz sonda qalib gələcəyik” deyə qışqırıb. 

Məhkəmə önündə izdiham yaşanıb, polis etirazçılardan ikisini saxlayıb.