Qarabağdakı torpaqlar İlham Əliyev, Bəylər Əyyubov və Əli Nağıyevin şirkətləri arasında bölünüb

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan nəşrin təsisçisi Ülvi Həsənli məhkəmədə ifadə verib:
“Vətənpərvərlik” adı altında vətənin sərvətlərinə yiyələnirlər. Araşdırmalarımızdan məlum oldu ki, Qarabağdakı kənd təsərrüfatı təyinatlı torpaqlar İlham Əliyev, Bəylər Əyyubov və Əli Nağıyevin şirkətləri arasında bölünüb. Bu ilin sonuna qədər Qarabağın bərpasına ayrılan vəsait 20 milyard manat olacaq.
Jurnalistikanın missiyası hökumətin fəaliyyəti üzərində ictimai nəzarət formalaşdırmaq, problemlərə işıq salmaqdır. Prezident və ona yaltaqlanan zümrə isə deyir ki, siz düz bilmirsiniz, jurnalistika yaltaqlanmaq, korrupsiyanı, maxinasiyanı ört-basdır eləməkdir. Belə çıxır ki, əsl jurnalistikaya zidd olan olan nə varsa, bunlar onu jurnalistika sayırlar”.
“Bu müddətdə geniş müzakirələrə səbəb olan unikal reportajlar, cəsarətli korrupsiya araşdırmaları yayımladıq. İşlərimizə görə İlham Əliyevin qəzəbinə tuş gələcəyimizi bilirdik. Amma bu, bizi çəkindirmirdi.
Fəaliyyətimizi özünüsenzura olmadan davam etdirirdik. Ölkəmizdə çox ciddi siyasi, sosial və hüquqi problemlər var. Bunun da kökündə hakim elitanın milyardlarla dövlət vəsaitini xarici ölkələrə, ofşorlara daşıması, daha çox sərvət əldə etmək niyyəti durur.
Araşdırmalarımızla ortaya çıxardıq ki, Qarabağda bərpa işlərinə ayrılmış 10 milyard vəsait İlham Əliyev və yaxın ətrafının şirkətlərinə verilib. Qarabağ kasıbların hesabına işğaldan azad olundu, amma oliqarxlar onu yenidən işğal elədilər”.
 
MeydanTV