Annalena Berbek fəalların, jurnalistlərin azad edilməsini azərbaycanlı həmkarı ilə müzakirə edəcək

Almaniya Azərbaycanda həbsdə olan hakimiyyət tənqidçilərinin azad edilməsinin tərəfdarıdır. Bu gün - noyabrın 21-də Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 məkanında keçirdiyi mətbuat konfransında belə deyib (Turan).

Nazir bu məsələni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla  görüşdə qaldıracağını da bildirib.

A.Berbek  bu haqda danışarkən Drezden Universitetinin professoru, iqtisadçı Qubad İbadoğlunun adını da çəkib. 

COP29 ərəfəsində və iqlim konfransının keçirildiyi günlərdə beynəlxalq qurumların rəhbərləri, dövlət və hökumət nümayəndələri dəfələrlə Azərbaycanı siyasi motivlərlə, əsassız yerə həbs edilmiş şəxsləri azad etməyə çağırsa da, rəsmi Bakı heç bir addım atmayıb. 

Azərbaycan adətən bu tənqidlərə cavab olaraq deyir ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib edilmir, təməl hüquq və azadlıqlar təmin edilir.