"Tərtər işi": Təqsirləndirilən şəxslər məhkəmə zalına zorla gətirilib

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə ayrı-ayrı qrupların məhkəmələri davam edir. Bu işlər Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. 

“Tərtər işi”ndəki işgəncələrə görə mühakiməsi keçirilən qruplardan biri hərbi qulluqçular Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun daxil olduğu qrupdur. Bu il martın 14-də başlanan məhkəmə yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların məhkəmədə zərərçəkən və şahid ifadələriylə sübuta yetirildiyini bildirmişdi. Vüsal Ələsgərova 10, Rəşid Niftəliyevə 9, Ramil Qarayevə 8 il 6 ay, Rüstəm Ələsgərova 12 illik həbs cəzası istəmişdi. 

Sonuncu məhkəmə iclası başlasa da, təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq məhkəmə zalına daxil olmaq, məhkəmədə iştirak etmək istəməyiblər. Onların etirazı əmr aldıqları vəzifəli şəxslərin məsuliyyətdən kənarda qalmasına olub. Ancaq hakim bildirib ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında iştirakı vacibdir. Bundan sonra nəzarətçilər təqsirləndirilən şəxsləri məcburi şəkildə məhkəmə salonundakı şüşə qəfəsdə oturdublar. 

Hakim sözü zərərçəkənlərə verib, onlara məhkəmə çıxışı etmələrini təklif edib. Zərərçəkənlər məhkəmədən “Tərtər işgəncələri”ndə əli olmuş hər kəsin - əsasən də bu işgəncələri idarə edən vəzifəli şəxslərin cəzalandırılmasını tələb ediblər. 

İşgəncələr nəticəsində həyatını itirmiş hərbçi Elçin Quliyevin hüquqi varisi olan anası Validə Əhmədova məhkəmə iclasından sonra jurnalistlərə verdiyi müsahibədə məhkəmənin gedişatından narazılığını bildirib. Deyib ki, məhkəmə 8 aydır davam edir, ancaq həmin müddətdə dəfələrlə vəsatətlər qaldırmasına baxmayaraq məhkəmə işgəncələrin başında dayanan vəzifəliləri dindirməyib: “Məhkəmə də, ibtidai istintaq da oğluma işgəncə verməyi əmr edənləri ört-basdır etməklə məşğul olub. Bu iş üzrə əvvəl Tərtər Hərbi Prokurorluğu istintaq aparıb, cinayətin başında dayananları kənarda saxlayıb. Bizim şikayətlərimizdən sonra Baş Prokurorluq işi yeniləyib, ancaq heç nə dəyişməyib. Oğlumun işgəncəylə ölümünə səbəbkar olanlar vəzifədədilər. Hələ bir qismi Tərtər cinayətlərindən sonra vəzifəyə təyin olunub. Halbuki, o adamlar etdiklərinin cəzasını çəkməliydilər, ancaq rütbələri, vəzifələri artırılıb. Bu gün burda məhkəmə çıxışı edən zərərçəkənlər yenə bildirdilər ki, hər şey Zakir Həsənovun keçirdiyi videokonfransdan sonra başlayıb. Ancaq məhkəmə buna fikir vermədi. Məhkəmədə şahidlərin, zərərçəkənlərin dediklərindən bəlli oldu ki, Kərim Vəliyev orda – işgəncə yerində olub, işgəncələr gözünün önündə baş verib, balalarımızı onun gözləri qarşısında öldürüblər, ancaq məhkəmə bunun da üstündən sükutla keçdi. Biri Xanlar Vəliyevdən, Nəcməddin Sadıkovdan, Hikmət Həsənovdan, Şəfayət İmranov kimi generalları dəvət edib, bir parça kağızda izahatlarını alan olmayıb ki, axı bu uşaqları niyə bu günə qoymusuz?” 

Validə Əhmədova deyir, ona və başqa zərərçəkənlərə qalan elə aylarla uzaq rayondan Bakıya – məhkəməyə boşuna gəlib-getmək qalıb.  

Zərərçəkən Müşfiq Əhmədovsa deyir, ağzını açıb danışmaq istəyəndə ona “bəraətini də, kompensasiyanı da almısan, daha nə istəyirsən”, deyirlər: “Bizim bəraətimizi boynumuza minnət kimi qoymasınlar. Bəraət almışam, kompensasiyam ödənilib deyə, o demək deyil ki, mən ədalət tələb etməyəcəm. O kompensasiyanın məbləği milyonlarla manat da olsa, mənim çəkdiyim işgəncələri ödəməz. Azərbaycanda hüquq, qanun işləsədi, nə bizi bu günə qoyardılar, nə də kompensasiya ödəyərdilər. Biz də, təqsirləndirilən şəxslər də, məhkəmədə dindirilən şahidlər də bir ucdan Hikmət Həsənovun, Xanlar Vəliyevin, Şəfayət İmranovun, digər vəzifəlilərin adlarını çəkir, hamı tələb edir ki, gəlsinlər, burda niyə bu qədər adama işgəncə veriblər, niyə bu qədər adamı öldürüblər suallarına cavab versinlər, ancaq hakim deyir, gedin, bunu istintaqa bildirin. Şəxsən Daxili Xidmət Təhlükəsizliyinin keçmiş rəisi Ramil Əsgərov gəlib məhkəmədə ifadə verdi ki, Hikmət Həsənov Nəcməddin Sadıkovla danışırdı, bütün tapşırıqları ondan alırdı. Hətta Hikmət Həsənova tapşırıq verilmişdi ki, yüz nəfər də ölsə, iş dayandırılmasın, hər nə yolla olursa olsun, xainlik boyunlarına qoyulsun. Ancaq məhkəmə buna da fikir vermir”. 

İşgəncələrlə ölmüş hərbçi Təmkin Nizamioğlunun atası Nizami Quliyev də məhkəmənin gedişatından narazılığını bildirib: “Əvvəla deyim ki, mən iki oğlumu hərbiyə vermişdim, bir oğlumu işgəncəylə öldürüb üstümə göndərəndə ikinci oğluma tapşırdım ki, nə qədər ki, bu orduda Hikmət Həsənovlar, Nəcməddin Sadıqovlar, Xanlar Vəliyevlər var, bu orduda xidmət etməyini istəmirəm. Getdi, ərizə yazdı, hərbidən uzaqlaşdı. Ancaq bir müddət sonra onu 9 ay müddətinə hərbi xidmətə aparanda bilirsiniz nə etmişdilər? Aparıb oğlumun işgəncəylə öldürüldüyü hərbi hissəyə salmışdılar ki, xidmətini burda keçəcəksən. İndi gəlirəm bu hadisələri törədib, yaxasını kənara çəkənlərə… Teymur Məmmədovun (hərbi hissə komandiri) komandir olduğu hərbi hissədə işgəncə nəticəsində baş verən altı ölüm faktı, yüzdən ox işgəncə görən vardı. Necə olur ki, digər hərbi hissə komandiri Vüsal Ələsgərov həbsə alınır, məhkəmə qarşısına çıxarılır, ancaq Teymur Məmmədov azadlıqda gəzir, məhkəməyə şahid kimi dəvət olunur. O, məhkəmədə ifadə verəndə bu sualı ona Vüsal Ələsgərov da verdi. Dedi, sən də hərbi hissə komandiri, mən də, necə olur ki, sənin hərbi hissəndə bu qədər işgəncə, ölüm ola-ola sən azadlıqda qalırsan, məni tutub içəri atırlar?.. Çünki o komandir o qədər rüşvət verib ki, ona dəyib-dolaşmayıblar”. 

Bu iş üzrə məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

 “Tərtər işi” üzrə istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Toplum TV