Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu

“Ali təhsil müəssisələrinin dərsliklərində problemlər var. Bu sahədə də işlər aparılmalıdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. Komitə sədrinin sözlərinə görə, tətbiqi, dəqiq, təbiət elmləri sahəsində dərsliklər tərcümələrə əsaslanır:

“Bu tərcümələr də illər əvvəl edilib. Hesab edirəm ki, bu sahədə işlər görülməlidir. Magistratura üçün dərsliklərin yaradılması işləri də çox ləng gedir”.

Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı isə bildirib ki, ailəli gənc müəllimlər ucqar məktəblərdə dərs deyir:

“Ancaq ailələri onlardan uzaqda şəhərdə yaşayır. Bu da müəyyən problemlər yaradır. Düzdür, bu istiqamətdə çox böyük işlər görülür, ancaq bu məsələ gələcəkdə müəyyən problemlər yaratmasın deyə, həll yolu tapılmalıdır”.

Deputat həmçinin ali təhsil müəssisələrində qiymətləndirmə probleminə toxunaraq deyib ki, rektorlar biliyin qiymətləndirilməsində ədalətli və obyektiv olmalıdır:

“Əgər biliyin qiymətləndirilməsində ədalətlilik və obyektivlik pozularsa, nizam pozulacaq. Bu vacibdir və rektorlar bunu bilməlidir”.