Erməni diversanta hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Kazaryanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Fevralın 27-də keçirilən prosesdə erməni diversanta hökm oxunub və o 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.
 
Məhkəmə müəyyən edib ki, K.Kazaryan Ermənistanın xüsusi xidmət orqanlarına vermək məqsədi ilə 15 iyul 2018-ci il tarixdə, gecə saat 01 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu ilə Qazax rayonunun Kəmərli kəndi istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçirib.
 
Bildirilir ki, K.Kazaryanın məqsədi Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi ilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmək, Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün zəruri məlumatları toplamaq olub.
 
İstintaqın məlumatına görə, K.Kazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində, təxminən, 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün, 15 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən Qazax rayonunun Kəmərli kəndinin "Balakənd” adlandırılan ərazisində tutulub.
 
Meydan Tv