Məmməd İbrahim sağ gözünü itirə bilər

Oğlu atasının gözündən qara su gəldiyini deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müşaviri Məmməd İbrahim sağ gözünü itirə bilər. Bu barədə onun oğlu Turan İbrahim öz “Facebook” səhifəsində məlumat yayıb.

T.İbrahimin sözlərinə görə, atasının sağ gözündən qara su gəlir:

“Həkimlərlə məsləhətləşmələr apardıq. Buna qlükoma (göz təzyiqi). xəstəliyi deyilir. Yüksək müalicə ala bilmədiyi halda sağ gözünün korluğuna səbəb ola bilər”.

T.İbrahimin sözlərinə görə, atası özü kənardan gələn həkim vasitəsilə gözünü müalicə etdirmək istəyir.

Oğlu onu da deyib ki, iyunun 16-da Pentensiar Xidmətin müalicə müəssisəsindən həkim gəlib və M.İbrahimin gözünü yoxlayıb:

“Penitensiar Xidmətin həkimi atamı yoxlayan zaman ona qansızma diaqnozu qoyub. Lakin adi infeksiya üçün dərmanlar yazıb. Sonra mən başqa həkimlərə əlamətləri danışanda, onlar dedilər ki, bu infeksiyadır. Həmin həkim yazan dərmanları istifadə eləsin”.

Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istəyərkən M.İbrahim onlara qarşı da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M.İbrahimə qarşı ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.
Məmməd İbrahim ittihamları qurama sayir və həbsini siyasi fəaliyyəti ilə izah edir.

meydan.tv