MBH üzvü Elgiz Məmmədova hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclıya hökm oxuyub. Mayın 20-də yekunlaşan iclasda Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Elgiz Məmmədov barəsində narkotiklərlə bağlı ittiham aktına baxılıb.

Hakim Telman Hüseynov E. Məmmədov barəsində CM-nin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə qaldırılan vəsadəti araşdırıb. İttihamla bağlı çıxış edən dövlət ittihamçısı inanclının 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ardınca söz alan vəkil məhkəmə boyunca bütün təqdim edilən sübutları bir daha vurğulayaraq E. Məmmədov barəsində bəraət qərarı istəyib. Hakim tərəf təqdim edilən vəsadətləri dinlədikdən sonra hökm oxuyub. O, Elgiz Məmmədovu müqəssir bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Məmmədov Elgiz 2025-ci ilin 10 iyun tarixində saxlanılmış və barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. İbtidai istintaq və məhkəmə dövrlərində inanclı, barəsində irəli sürülən bütün ittihamları rədd etmiş və həbsinin siyasi motivli, dini inancı səbəbindən gerçəkləşdiyini bildirmişdi.