İranın xarici işlər naziri Abbas Əraqçi Naxçıvan Muxtar Respublikasında baş verən insidentlə bağlı İranın hər hansı hücum həyata keçirdiyi barədə iddiaları təkzib edib. O bildirib ki, İran ərazisindən Naxçıvan istiqamətində nə mərmi, nə də pilotsuz uçuş aparatı buraxılıb.
Bu barədə İranın “Tasnim” agentliyi Əraqçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığına istinadən məlumat yayıb.
Məlumata görə, Əraqçi telefon danışığı zamanı İran İslam Respublikasının Azərbaycanla bağlı qonşuluq siyasətini vurğulayaraq, Tehranın Bakı ilə münasibətləri bütün sahələr üzrə genişləndirmək niyyətində olduğunu bildirib.
Nazir Naxçıvan Muxtar Respublikasında baş verən partlayışlara da toxunaraq, İran ərazisindən bu istiqamətdə hər hansı mərmi və ya digər hərbi vasitənin buraxılması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Onun sözlərinə görə, hadisə ilə bağlı İran Silahlı Qüvvələri tərəfindən zəruri yoxlamalar və araşdırma aparılır.
Əraqçi həmçinin bu cür hücumların arxasında İsrailin dayana biləcəyi ehtimalını da dilə gətirib. Onun sözlərinə görə, belə hadisələr ictimai diqqəti yayındırmaq və İranın qonşu ölkələrlə münasibətlərini pozmaq məqsədi daşıya bilər. Nazir əlavə edib ki, son günlərdə buna bənzər hadisələr də müşahidə olunub.
İranın xarici işlər naziri insident nəticəsində bir neçə Azərbaycan vətəndaşının yaralanmasından təəssüf etdiyini bildirərək, onlara tezliklə sağalma arzulayıb.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda baş verən hadisəni dövlətə qarşı “terror aktı” adlandırıb və İran İslam Respublikasının bu insidentə görə məsuliyyət daşıdığını bəyan edib.
İran Naxçıvana onun hər hansı hücumun həyata keçirdiyi barədə iddiaları təkzib edib