Təzyiqlər önündə ucalan iradə - Ağa-Əli Yəhyayev

Rejimin ləyaqətli insanları, vətənpərvər, vicdanlı şəxsləri şərləyərək həbslərə məhkum etməsi durmadan davam edir. Azərbaycan həbsxanalarının bu günki vəziyyəti cinayətkarlardan çox günahsızların saxlama məntəqəsi olaraq olduqca acınacaqlı hala gəlib. Hakimiyyət bu addımı ilə qorxu mühitini formalaşdıraraq böyük bir xalqı əsarətə, hər növ qanunsuzluq müqabilində susdurmağa çalışır.
Ötən gün artıq üçüncü dəfə uzunmüddətli həbs həyatına məhkum edilən Ağa-Əli Yəhyayevin növbəti saxta ağır ittihamlara məruz qoyulması ölkədə boğulan ədalətin növbəti təzahürüdür.
Müsəlman Birliyi Hərkatı İdarə Heyətində hər zaman fəallığı ilə seçilən bu dəyərli insan bir ömür haqsızlığa etirazı ilə meydanlarda olub. Elə bu məğrur duruş hakimiyyətin nifrət hədəfi olaraq onun növbəti dəfə həbsinə fərman verdi.
Ağa-Əli Yəhyayevin ilk həbsi 2010-cu ilin 13 fevralında həyata keçirilir ki, bu da onun həyatının 4il 6 ayını həbsxanaya bağlayır. İkinci həbsi 5 noyabr 2015-ci ildə 1 ay inzibati həbs olsa da, o dövrdə Nardaran hadisələrinin baş verməsi, hakimiyyətin onu bu hadisələrin iştirakçısı olaraq dəyərləndirməsi ilə nəticələnir. Beləcə rejim inanclı barəsində ağır maddələrlə cinayət işi açır. Uzun sürən məhkəmə onu müqəssir bilərək 15 il müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum edir. 2021-ci ilin 18 martında əfv sərəncamı ilə azadlığa çıxan Ağa-Əli həyatının növbəti 5 il 4 ayını zindan divarları arxasında qoyaraq kiçik zindandan böyük zindana qədəm qoyur.
Dördüncü dəfə həbsi 2022-ci ilin 20 mayında, Bakı ağır cinayətlər məhkəməsinin qarşısında gerçəkləşərək 1 aylıq inzibati həbslə nəticələnir. Beşinci, sonuncu həbsi 2023-cü ilin 31 avqustunda törədilir ki, o, bu sifarişli həbslə 7il müddətinə azadlıqdan məhrum edilir.
Sadalanan bir insan həyatı, gənc yaşlarından həbslərə məhkum edilən günahsız, eyni halda şərəfli bir ömrün tarixçəsidir. Heç bir gücün sındıra bilmədiyi, iradəsi önündə acizlik səbəbindən onun şərlənərək həbslərə məhkum edilən bir mübariz ömrü.
Onun həbsi şərrin yalançı simasına vurulan növbəti zərbə, həqiqətin varlığına rəğbət, haqqa sevginin təcəssümüdür.
Bu rejimin apardığı siyasətin aydın təzahürü bu şəxslərin simasında parlayıb və zülm davam etdikcə parlayacaqda.
Onlar həbsdə olsalar da azad və dəyərlidirlər, çünki haqqın yanında və həqiqətin müdafiəsindədirlər.
Müsəlman Birliyi Hərəkarı.