Həbslər, işgəncələr və təzyiqlər... Hakimiyyət siyasi həbsləri inkar edir, faktlar isə təsdiqləyir

Azərbaycanda hakimiyyətin hər vəchlə etirazına baxmayaraq, ölkənin siyasi məhbus problemi var və hər ötən il bu sistem daha sərt mexanizmlərlə həbs və işgəncələri davam etdirir. Hüquq təşkilatlarının və beynəlxalq institutların illik hesabatlarında əsaslandırılmış rəqəmlər, öz etiraflarına əsasən, həqiqi siyasi məhbusların ölkə üzrə sayını qat-qat az göstərmək məcburiyyətində qalsa da, hazırda qeyd edilən rəqəmlər də problemin yetərincə ciddi olduğunu söyləməyə əsas verir.

Yenilənmiş son siyahı Azərbaycanda 328 siyasi məhbusu özündə ehtiva edir. Ötən ilin sonu amnistiya aktının minlərlə insana şamil olunmasını nəzərə alsaq, say 2025-ci ildə hazırlanmış hesabatdan o qədər də fərqlənmir. Ötən ilin statistikası (amnistiyadan öncə) 340 siyasi məhbus təqdim etmişdisə, son hesabatda bu say 12 nəfər azalaraq 328 nəfər üzərində dayanır.

Əlbəttə, buna başlıca səbəb siyasi həbslərin durmadan davam etməsidir. Ötən illərin praktikası göstərir ki, 2026-cı il həbslərin genişliyi ilə yanaşı, eyni zamanda sərtliyi ilə də diqqət çəkir. Belə ki, yeni ilin gəlişi ilə yalnız inanclıların həbsi sırasında rəqəmlər 200-dən (bu rəqəmlər hüquq müdafiəçisi Arif Yunusun paylaşımına əsaslanır) artıqdır. Eyni zamanda saxlanılan inanclılara qarşı qəddar davranış, ağlasığmaz işgəncələrlə yanaşı, istintaq müddətində telefon zəngləri, görüş qadağaları və azuqə qəbuluna qoyulan sərt qadağalar da hakimiyyətin yeni təzyiq mexanizmlərinin daha sərt formada icrasından xəbər verir.

Paralel olaraq, qapalı həbsxanada (krıtada) olan inanclıların burada cəza müddətlərinin başa çatmasına baxmayaraq, qısa müddətli həbsxanalara göndərilərək, karantin otaqlarından da geri Umbakı qapalı müəssisəsinə qaytarılmaları siyasi təzyiqin daha ciddi və sərt şəkildə həyata keçirildiyini təsdiq edir.

Əlbəttə, buna əsas səbəb kimi beynəlxalq qanunların və Azərbaycanla bağlı yanaşmaların “yumşaq” tətbiq olunması göstərilir. Bu barədə ekspertlərin çoxsaylı hesabatları olmasına baxmayaraq, Azərbaycanın təbii sərvətlərinin dövlətlər arasında ticarət predmeti olması siyasi məhbus probleminin görünməz qalmasının əsas səbəblərindən biridir. Avropa da bu sırada razılaşmalara qurban verdiyi siyasi məhbus problemini arxa plana keçirərək, onsuz da aradan qalxması təsəvvür olunmayan bu məsələdə artımlara zəmin yaratmış olur.

Məlum durum bir müddət sonra növbəti siyasi məhbus siyahısının necə olacağı barədə müəyyən təsəvvür formalaşdırır. Əsasən ilin əvvəlindən bu günə qədər davam edən inanclı həbsləri siyahının artma ehtimalını qaçılmaz edir. Heç olmasa ona görə ki, hələlik təbii sərvətlərin bu işdə yardımı hakimiyyətin işinə yarayır.

Məlumat üçün bildirək ki, son 328 nəfərlik siyasi məhbus siyahısında bu dəfə də mənfi liderlik inanclılar üzərində qalır. Son siyahıda onların sayı 182 nəfərdir və onlar on ildən artıq müddətdə təzyiqə, təqibə və ən çox həbsə məruz qalan qruplar sırasında “ən yüksəkdə” yer almaqda davam edirlər.