Böyük Britaniyada əksəriyyəti Albaniya vətəndaşı olan 200-ə yaxın miqrant uşaq yoxa çıxıb

Böyük Britaniyanın immiqrasiya idarə başçısı Robert Cenrik 200-ə yaxın miqrant uşağın hələ də itkin düşdüyünü açıqlayıb. Britaniyalı məsul mövzu ilə bağlı parlamentin sualına cavabında 440-dan çox itkin miqrant uşaq hadisəsinin qeydə alındığını, onlardan 200-ə yaxınının bütün axtarışlara baxmayaraq indiyə qədər tapılmadığını açıqlayıb. Cenrik bildirib ki, itkin düşən uşaqların 88 faizi Albaniya vətəndaşlarıdır.

Britaniyalı rəsmi 2021-ci ildən bəri ölkəyə ailəsi və ya yoldaşları olmadan gələn 4600 uşağın hökumət tərəfindən idarə olunan yataqxanalara yerləşdirildiyini açıqlayıb.

 İngiltərəyə qeyri-qanuni mühacirlərin əhəmiyyətli bir hissəsinin Fransadan Manş boğazı ilə qayıqla gəldiyi bildirilir. Son iki ildə ölkəyə gələn qeyri-qanuni mühacirlərin sayının sürətlə artması iqtidarla müxalifət arasında gərgin müzakirələrə səbəb olub. Müxalifət sağçı hökuməti qeyri-qanuni mühacirlərlə “səhv rəftar etməkdə” və müşayiət olunmayan uşaqlara “laqeyd yanaşmaqda” ittiham edir. Britaniya həmçinin Fransanı qeyri-qanuni immiqrasiyanın qarşısını effektiv şəkildə almadığına görə tənqid edir.

Bu öz növbəsində orqan ticarətini də aktuallaşdırır. Bu gün dünyada olduqca geniş yayılan orqan ticarəti məhz insanların oğurlanaraq bədən üzvlərini çıxarmaqla gerçəkləşdirilir ki, bunun üçün sahibsiz uşaqlar daha əlverişli sayıla bilər.

Avropadan İngiltərəyə Manş boğazını keçən qeyri-qanuni miqrantların sayı 2021-ci ilə nisbətən 2022-ci ildə 17 mindən çox artaraq 45 minlə rekord qırıb.