Bir MBH üzvü saxlanılıb, digər birinə isə hökm oxunub

Martın 15-də səhər saatlarında Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Tərlan Sayadov saxlanılıb. O, Maştağada, yaşadığı evin qarşısından qanunsuz olaraq həbs edilib. Günün ikinci yarısında isə hərəkatın digər üzvü, şərlənərək həbs olunan Nəcəfov Səbuhi Arif oğluna da hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə Səbuhi Nəcəfov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
 
Hakim Abdulla Məmmədov dövlət ittihamçısının müddəhim barəsində istədiyi 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasını, eyni halda müdafiə tərəfin təqdim etdiyi sübutları araşdıraraq yüngülləşdirici halların nəzərə alınması ilə son qərarı elan edib. O, Səbuhi Nəcəfovun işinin 234.4.3-cü maddəyə uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.
 
Xatırladaq ki, MBH üzvü Səbuhi Nəcəfov 2023-cü il 29 mart tarixində saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasında Səbuhi Nəcəfovu da daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 71-ə yüksəlib.