Bayden İsraili yaxın, Netanyahunu isə uzaq tutur

Məyusluğunu getdikcə daha tez-tez və açıq şəkildə ifadə edən ABŞ Prezidenti Co Bayden belə görünür, özünü beynəlxalq təzyiqin İsrailin HƏMAS-a qarşı müharibədə tam qələbəyə nail olmasına əngəl olmayacağını deyən İsrail baş naziri Benyamin Netanyahudan uzaqlaşdırır.

Bu uzaqlaşma, ələlxüsus da Netanyahu bir milyondan çox didərgin düşən fələstinlinin sığındığı Rəfahda HƏMAS-a qarşı “işi bitirmək” üçün hərəkətə keçdiyi təqdirdə, ABŞ-ın Amerika silahlarının təchizatını məhdudlaşdıra biləcəyinə dair spekulyasiyaları artırır.

Vaşinqtonun İsrailin müharibəni aparmaq şəklinə təsir göstərmək üçün ən təsirli yolu hərbi yardıma şərt qoymaq ola bilər.

Qəzzann Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabrdan bəri 31 mindən çox fələstinli ölüb.

ABŞ mətbuatı administrasiyadan anonim mənbələrə istinad edərək onların bu variantı nəzərdən keçirdiklərini bildirsə də, Ağ Ev “fərziyyələrlə məşğul olmağı” rədd edib.

“Prezident bizim Rəfahdakı mövqeyimizi açıq-aydın ifadə edib,” milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə axşamı Ağ Ev brifinqində deyib. “Rəfahda mülki vətəndaşları qorumayan, humanitar yardım üçün əsas yolları kəsən və İsrail-Misir sərhədinə böyük təzyiq qoyan hərbi əməliyyat onun dəstəkləyə biləcəyi bir şey deyil.”

Bayden özü Rəfaha hücumun qırmızı xətti keçmək olub-olmadığı barədə qeyri-müəyyən qalaraq, heç vaxt İsraili tək qoymayacağını bildirib. Eyni zamanda isə o, Netanyahu hökumətini HƏMAS-ın İsraildə 1200 nəfərin ölümü və 240-dan çox insanın girov götürülməsi ilə nəticələnən 7 oktyabr hücumundan sonra militant qrupa cavab vermək yoluna görə danlayıb.

“İsrailin müdafiəsi hələ də kritikdir, yəni elə bir qırmızı xətt yoxdur ki, mən bütün silahları kəsəcəm və bununla da Dəmir Qübbə onları qoruya bilməyəcək” - deyə, o, bu yaxınlarda MSNBC-yə müsahibəsində deyib, amma yenə də vurğulayıb ki, İsrail “30 mindən çox fələstinlini öldürə bilməz.”

Ancaq prezident iradlarını teleqrafla da göndərir. Ötən həftə Demokrat senatorla söhbəti mikrofona yansıyan Bayden deyib ki, o, Netanyahuya sərt söhbət aparacaqlarını bildirib. Yardımçısının ona söylədiklərinin eşidildiyini deməsindən sonra Bayden “Yaxşı” deyib.

 

Amerikanın Səsi