“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2023-cü ilin sentyabrından həbsdə olan ictimai fəal Afiəddin Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, Afiyəddin Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində prokurorun çıxışından əvvəl Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova çoxsaylı vəsatətlər qaldırıb.
Məhkəmə də vəsatətlərin heç birini təmin etməyib.
Daha sonra hakim Səbuhi Hüseynov məhkəmə istintaqının tamamlanması məsələsini müzakirəyə çıxarıb.
Vəkil Zibeydə Sadıqova etiraz edib.
Müdafiəçi bildirib ki, onların heç bir vəsatəti təmin olunmayıb:
“Bu vəziyyətdə məhkəmə istintaqı tamamlana bilməz. Çünki müdafiə tərəfi faktiki pis vəziyyətdə qalmış olur. Məhkəmə heç bir araşdırma aparmayıb. Sadəcə, ittiham tərəfin təqdim elədiklərilə kifayətlənib”.
Afiəddin Məmmədov da etiraz edib. Lakin etirazlara baxmayaraq, Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası məhkəmə istintaqının yekunlaşmasına qərar verib.
Daha sonra çıxış edən prokuror Afiyəddin Məmmədova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Məhkəmə prosesi yanvarın 14-də vəkilin müdafiə çıxışı ilə davam edəcək.
Prokuror Afiyəddin Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib