Azərbaycan ilə Böyük Britaniya saziş imzaladı

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalanıb.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 23-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Tvitter” hesabında yazıb.

"Ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşdük.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” imzaladıq. Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq", - deyə o qeyd edib.

Leo Dokertinin Azərbaycana səfəri fevralın 22-də başlayıb. 

Dünən o, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqovla görüşüb və Xəzər dənizində təhlükəsizlik məsələlərini müzakirə edib.