ABŞ və Səudiyyə Ərəbistanı Qəzza ilə bağlı razılığa gəldi

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasının zəruriliyi barədə razılığa gəliblər.

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ABŞ-Körfəz sammitinin yekunları üzrə deyib.

“Regional hadisələrə gəlincə, hər iki tərəf (ABŞ və Səudiyyə Ərəbistanı) Qəzza zolağında müharibənin dayandırılması, girovların azad edilməsi, humanitar və fövqəladə yardım axınının təmin edilməsi, ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsi zərurəti barədə razılığa gəlib", - nazir Ər-Riyadda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, çərşənbə axşamı ABŞ prezidenti vəzifəyə başladıqdan sonra ilk dövlət səfəri ilə Səudiyyə Ərəbistanına gəlib. Səfər çərçivəsində Vaşinqton və Ər-Riyad 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar. Ağ Evdən verilən açıqlamaya görə, bu, iki ölkə arasında əməkdaşlıq tarixində ən böyük iqtisadi sövdələşmədir.

 

 

Musavat.com