Axundlar Birliyi bəyanat yayır

Axundlar Birliyinin irəli sürdüyü şərtlərin bir hissəsi Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) tərəfindən qəbul edilib və tərəflər arasında razılaşma olub.

Bu barədə Aktual.ge xəbər portalına Axundlar Birliyindən məlumat verilib.

Bildirilib ki, 8 noyabr tarixində irəli sürülən tələblər GMİ-nin dini rəhəbləri ilə görüşülüb, müzakirə edilib razılaşma əldə edilib.

"İctimaiyyətə yazıb bildirmək istəyirik ki, 8 noyabr tarixində Axundlar Birliyinin üzvləri Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri ilə görüşüb. Görüş zamanı birliyin irəli sürdüyü şərtlərin bir hissəsi qəbul edilib, digər hissələri isə şeyx seçkilərindən sonra yenidən müzakirə ediləcək. 1 Dekabr tarixində keçiriləcək şeyx seçkilərində Axundlar Birliyindən Seyid Eldəniz Sadiqov müşahidəçi olaraq iştirak edəcək. Bu mərhələdə istefa vermiş axundlar da öz fəaliyyətini GMİ-də razılaşma əldə olunduğu üçün bərpa ediblər" , - Axundlar Birliyinin bəyanatında deyilir.

Qeyd edək ki, 6 noyabr tarixində Axundlar Birliyi bəyanat yayıb: Yeni seçiləcək şeyx idarədə bir sıra islahatlar aparmalı və mövcud problemlər həll edilməlidir. Namizədlərin din xadimləri arasında gələcək proqramları barədə məlumatlar təqdim etmələri arzu ediləndir. Şeyx seçkilərində əsas qərar verici Ali və elmi Şuranın tərkibinə axundlar da əlavə edilməlidir. 

​​​​​​Qeyd edək ki, bəyanata Axundlar Birliyinin xahişi ilə dəyişiklik edilib.