Amerikanın müsəlman liderləri Ağ Evin Ramazan bayramını boykot etməyi planlaşdırır

Prezident Co Baydenin İsraili dəstəkləməsindən qəzəblənən amerikalı müsəlman liderlər bu il Ağ Evdə keçiriləcək Ramazan və Bayram şənliklərində iştirak etməyəcəklərini bəyan ediblər. Onlar administrasiyadan Qəzzada dərhal atəşkəsə nail olunmasını tələb edir. Amerikanın Səsinin Ağ Evin bürosunun rəhbəri Patsi Vidakusvaranın verdiyi məlumata görə, bu, Amerika müsəlmanlarının qəzəbinin Ağ Evdə Ramazan tədbirini kölgədə qoyduğu ilk hadisə deyil.

İsrailin hərbi kampaniyasından qaçaraq, təhlükəsiz yer axtaran bir milyondan çox qəzzalı Rəfahdakı dağıntılar arasında belə Ramazan ibadətini davam etdirir.

Vaşinqtonda amerikalı müsəlmanlar bu ayın əvvəlində Ağ Evin qarşısında namaz qılıb. İnsanlar qəmgin idi. İbadət edənlər Qəzzadakı iztirabların onlara çox ağır təsir etdiyini deyib. Prezident Co Bayden: "Ağ Evə və Qurban Bayramına xoş gəlmisiniz."

Prezident Co Bayden vəzifəyə gəldikdən bəri Ağ Evdə onilliklər boyu davam edən ənənəni davam etdirərək, müsəlman liderləri qəbul edib. Amerikanın həm Respublikaçı, həm də Demokratlar prezidentləri prezident Bill Klintondan başlayaraq, Ramazan ayında ya iftar süfrəsi, ya da müqəddəs aydan sonra Ramazan bayramı ziyafəti verir.

Lakin Ağ Evin əvvəlki Ramazan tədbirlərində iştirak edən amerikalı müsəlmanlar bu il dəvət olunsalar, imtina etməyi planlaşdırdıqlarını deyirlər. Amerika-İslam Münasibətləri Şurasından Robert Makkau: "Bu qərar administrasiyanın müsəlman icmasının təcili və daimi atəşkəs tələblərini yerinə yetirməməsindən irəli gəlir. Və Qəzzada fələstinli bacı-qardaşlarımıza qarşı soyqırımda istifadə olunan silahların İsrailə tədarükünü dayandırmaqdan imtina etməsi ilə bağlıdır.".

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Amerikanın Səsinə bildirib ki, Ramazanla bağlı heç bir tədbir elan olunmayıb. "Biz başa düşürük ki, bir sıra icmalar üçün ağrılı bir vaxtdır. Bildiyiniz kimi, Ağ Evin yüksək səviyyəli rəsmiləri onların fikirlərini paylaşmaq, narahatlıqlarını ifadə etməsi üçün müxtəlif icmaların üzvləri ilə - istər ərəb, istər müsəlman, istərsə də Fələstin icmaları ilə görüşüb və biz bunu alqışlayırıq".

Fələstin tərəfdarı etirazçılar Baydenin tədbirlərini dəfələrlə pozub. Ağ Ev çox yəqin ki, belə səhnələrdən uzaq olmaq istəyir.

Lakin bu, Ağ Evdə ilk mübahisəli Ramazan deyil. Bəzi amerikalı müsəlmanlar 2021-ci ildə Qəzzada 260-dan çox fələstinlinin ölümünə səbəb olan zorakılıqlara görə Baydenin virtual qeyd etdiyi bayramı boykot etmişdi.

2018-ci ildə prezident Donald Tramp müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin diplomatlarını qəbul etsə də, onun anti-müsəlman hesab etdikləri siyasəti və ritorikasını pisləyən heç bir Amerika qrupunun üzvünü dəvət etməmişdi. Lakin bir çoxları o vaxtkı qəzəblərin bu il hiss etdikləri qəzəblə müqayisədə heç bir şey olduğunu deyir.

Bəziləri isə Baydenin ikinci müddətə qalib gəlməməsi üçün fəal şəkildə kampaniya aparır. "Abandon Biden Campaign"dən Səmra Luqman: "Mən əmin olmaq istəyirəm ki, o, məğlub olanda bunun ərəb amerikalıların və müsəlmanların səslərinə görə olduğunu bilsin."

Ağ Ev oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra ərəb və müsəlman amerikalılarla fəal şəkildə əlaqə saxladığını bildirib. İcma üzvlərindən bəziləri rəsmilərlə görüşməkdən imtina edib.