Ali Məhkəmə Vüqar Səfərlinin işinə 1 ay sonra baxacaq

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan Nadir Məmmədovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılacaq.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə bu günə təyin olunan iclas təxirə salınıb.

Buna səbəb kimi vəkillərin bir neçəsinin məhkəmədə iştirak edə bilmədiyi göstərilib.

Prosesin bir ay sonra - martın 28-də keçiriləcəyi bildirilib.

Xatırladaq ki, Vüqar Səfərli və onunla birgə ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.