AİHM 3 jurnalist və 1 fəalın işi üzrə qərarlarını açıqlayıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 11-də Azərbaycanla bağlı yeni qərar elan edib.

Qərara əsasən, Azərbaycan ərizəçi olan jurnalistlərə və "Nardaran işi" çərçivəsində həbs olunmuş fəala təzminat ödəyəcək. 

Bir işdə ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən, onların məhkəməyəqədər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət ediblər.

Məhkəmənin qərardadına görə, hökumət ərizəçilərdən İkram Rəhimov və Elçin İsmayıllının hər birinə mənəvi zərər əvəzi 1750, xərc və məsrəflərə görə 1750, Ruzi İsmayılova mənəvi zərər vəzi 4000, xərc və məsrəflərə görə 2800, Polad Aslanova isə mənəvi zərər əvəzi 1800, xərc və məsrəflərə görə isə 1700 avro təzminat ödəməlidir.

"Realliq.info" saytın redaktoru İkram Rəhimovu 2018-ci ilin oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. 

Jurnalist 2020-ci ilin dekabrında cəzasının üçdə ikisini çəkdiyinə görə cəzanın qalan hissəsindən şərti olaraq azadlığa buraxılıb.

Müstəqil jurnalist Elçin İsmayıllı 2017-ci ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 

Jurnalist 2021-ci ilin martında prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin fevralında Ali Məhkəmə onun cəzasını 13 ilə endirilib. 

Ruzi İsmayılov "Nardaran işi-3" çərçivəsində həbs olunub. 2017-ci ildə məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.