17 saylı cəzaçəkmə müəssisəsində kütləvi etirazlar başlayıb

Qanunsuz həbs olunmalarının ardınca yalan vədlərə etiraz edən inanclılar 17 saylı cəzaçəkmə müəssisəsində etiraza qalxdıqları bildirilir. Məlumatı məhbusların ailəüzvüləri verib. Onların söylədiyinə görə bu səhər ailələri ilə telefon əlaqəsi saxlayan bir neçə inanclı hakimiyyət tərəfindən şərlənmələrinə, məhkəmə dövründə saxta polis işçilərinin şahidliklərinə, bununla yanaşı cəza aldıqdan sonra müəssisədə dövlət məmurları ilə görüşlərində aldıqları yalan vədlərə etiraz ediblər.
Onların bildirdiyinə görə hələ istintaq dövründə onlarla görüşlərdə rəhbərlik işçiləri bildiriblər ki, onların günahsızlığı əlaqədar orqanlarda nəzərə alınıb və məhkəmə qərarlarında bu öz əksini tapacaq. Lakin sonradan hökm veriləndə bunların yalan olduğu üzə çıxıb.
Eyni yalan həbsxana dövründə də müxtəlif rəhbər şəxslər tərəfindən görüşlər zamanı məhbuslara bildirilib. “Ədliyyənin yalan istehsalı sadəcə həbsxanalarda sakitliyə hesablanan növbəli saxtakarlıqdır. Onlar saxlanılan andan məhkəmələrə, oradan isə cəzaçəkmə müəssisələrinə daşıdıqları yalanlar bizləri cana doydurub.”
Saxta ittihamlarla saxlanılan inanclılar hakimiyyətin onlara qarşı yalan vədlərinə etirazlarını bildirərək hakimiyyətdən onlara qarşı bütün saxtakarlıqlara son verib əməli addım atmalarını tələb edirlər. Əks halda onlar kütləvi aclıq aksiyasına başlayacaqlarını və məsələnin həllini daha qlobal səviyyəyə qaldıracaqlarını bildiriblər.