10 April 2024

Gürcüstanın Baş naziri Tbilisidəki Cümə məscidində olub, müsəlmanları təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ramazan bayramı münasibətilə paytaxt Tbilisidə Cümə məscidini ziyarət edib.

O, bayram münasibətilə müsəlmanlara təbriklərini çatdırıb.

Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanların birgə, dinc şəraitdə yaşadığını söyləyib.

İ.Kobaxidze Gürcüstanın müsəlman icmasının ölkənin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb

Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medal qazanıb.

109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Sərhəd naryadımız Ermənistanın açdığı atəş nəticəsində yaralandı

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Qəzzədə məscid xarabalıqları üzərində və qaçqın düşərgələrində Fitr bayramı namazı

 Fələstinlilər bu gün (10 aprel) Qəzzə zolağında şiddətli yağış altında sionist rejim ordusu tərəfindən dağıdılmış məscid və məktəblərin xarabalıqları üzərində və məcburi köçkün düşərgələrinin açıq havasında Fitr bayramı namazı qılıblar.

Ayətullah Xamenei: İran konsulluğuna hücum İran torpağına hücumdur, İsrail rejimi cəzalandırılacaq

 İran İnqilabının Ali Məqamlı Rəhbəri Tehran müsəllasında Ramazan bayramı namazı zamanı etdiyi xütbələrdə İranın Dəməşqdəki konsulluğuna hücumu İran torpaqlarına edilən hücuma bərabər hesab edib və deyib: Xəbis İsrail rejimi cəzalandırılmalıdır və cəzalandırılacaq.

60 min müsəlman bayram namazını Məscidül-Əqsada qılıb

 İsrailin qadağalarına baxmayaraq, işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidində 60 min müsəlman Fitr bayramı namazını qılıb.

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamada Məscidül-Əqsada cümə namazının 60 mindən çox müsəlmanın iştirakı ilə qılındığı bildirilib.

Yağışlı havaya baxmayaraq, səhər namazı saatlarından başlayaraq minlərlə müsəlman Əl-Əqsaya axışıb.

Sərhədsiz Reportyorlar Ələsgər Məmmədlinin azadlığa buraxılmasına çağırıb

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı Azərbaycan hakimiyyətini Toplum internet televiziyasının təsisçisi, hüquqşünas Ələsgər Məmmədlini təcili şəkildə azadlığa buraxmağa çağırıb.

“RSF xərçəng şişindən əziyyət çəkən Toplum TV-nin direktoru Ələsgər Məmmədlinin vəziyyəti pisləşsə də, Azərbaycan hakimiyyətinin onun müalicəsindən imtina etməsini pisləyir. O, həmkarları ilə birlikdə təcili azadlığa buraxılmalıdır”, Sərhədsiz Reportyorlar aprelin 10-da qeyd edib.

Jurnalist İsmayıl Tağıyev “Abzas Media işi” ilə əlaqədar dindirilib

Aprelin 9-da NİDA hərəkatının fəalı, müstəqil jurnalist İsmayıl Tağıyev Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.

Tağıyev 3 saata yaxın polis idarəsində olub və saat 21:30 radələrində şöbəni tərk edib.

Tağıyev jurnalistlərə açıqlamasında “Abzas Media işi” üzrə dindirildiyini deyib.

İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində V turun görüşləri keçirilib.

Yarışda Azərbaycanı təmsil edən Nicat Abasov yenə uğursuz nəticə ilə yadda qalıb.

Qrossmeyster Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız VI turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq.

Bayden Netanyahunun Qəzza zolağına yanaşmasını səhv adlandırıb və İsraili qınayıb

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza zolağına yanaşmasını səhv adlandırıb.

Bayden bunu “Univision” telekanalına müsahibəsində deyib.

“Hesab edirəm ki, onun hərəkətləri səhvdir. Onun yanaşması ilə razılaşmıram”, - Ağ Ev rəhbəri vurğulayıb.

Amerika televiziya kanalı vurğulayıb ki, bunlar Baydenin israilli siyasətçiyə qarşı ən sərt bəyanatlarıdır.

Ayətullah Xameneinin "İsrail cəzalandırılmalıdır və cəzasını da alacaq" sözləri İsraildə narahatlıq yaradıb

Bu gün Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Ramazan bayramını qeyd etmək üçün böyük izdihamın toplaşdığı Tehranın Böyük Məscidində bayram namazından xütbəsində "İsrail cəzalandırılmalıdır və cəzasını da alacaq" - deyə söyləməsi İsraildə yetərli narahatlıq yaradıb.

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirərək narhatlığını dilə gətirib.

Tbilisidə “xarici təsirin şəffaflığı” adlı qanunun qəbuluna qarşı böyük etiraz yürüşü olub

Aprelin 9-da Tbilisidə on minədək insan yürüş keçirərək hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə təklif edilmiş “xarici təsirin şəffaflığı” adlı qanunun qəbulu planlarına etiraz bildirib.

Qanunun əleyhdarları deyirlər ki, bir neçə il əvvəl Rusiyada qəbul edilmiş “xarici agent” qanunu son nəticədə repressiyalara, media azadlığının məhdudlaşdırılmasına və vətəndaş cəmiyyəti nümayəndələrinin ləkələnməsinə və damğalanmasına gətirib çıxarıb.