İslamda “Mərcəiyyət” prinsipi 2-ci hissə - Təqlidin tarixi

Fətva vermək və təqlid etməyin tarixi əsasən İmam Baqir (ə), xüsusilə İmam Sadiqin (ə) dövrünə təsadüf edir. Amma bu dövrdə də, ictihad tam bəsit və sadə şəkildə olmuşdur. Həmin dönəmdə ictihad və təqlidin müəyyən qədər formalaşmasına baxmayaraq, hələ mərcəiyyət bir prinsip kimi tanınmamışdır. Əlbəttə buna ehtiyac da yox idi, çünki o dövrdə mərcəiyyət öz əsil mənasında İmamlara (ə) məxsus idi. 

Mərcəiyyət əsasən Böyük qeybət dövrünə aid edilir və İmam Zamanın (ə) İshaq bin Yəquba yazdığı müqəddəs toqi  İmam (ə) tərəfindən bu prinsipin ilk göstərişidir. 

Böyük qeybət dövrünün ilk illərindən bu prinsip həyata keçməyə başladı. Şeyx Səduqun (306-381 qəməri) “Əl-Fəqih” və “Əl-Muqni”, Şeyx Mufidin (336-413 qəməri) Əl-Muqniə kimi fətva toplumları bunun aydın sübutudur. Amma buna baxmayaraq hələ Böyük qeybətin əvvəllərində bu məsələ bir prinsip olaraq tam formalaşmamışdır. Mərcəi-təqlidlik, fətva və təqlid həddində tanınırdı. Tədriclə bu məsələ öz həqiqətini tapdı və Şeyx Tusinin (385-460 qəməri) zamanında artıq Mərcəiyyət prinsipi formalaşmağa başladı. Şeyx Tusi "Şeyxut-Taifə" adlanaraq, alimlərin və ümmətin dini baxımdan ümumi müraciət yerinə çevrildi. Bu prinsip tədriclə möhkəmlənərək, Səfəvilər dövründə Muhəqqiq Kərəki (Muhəqqiq Sani; 865 (870)-940 qəməri) və Şeyx Bəhai (953-1030 qəməri) kimi, şiənin tanınmış və nəhəng alimləri, Şeyxul-islam kimi xalqa tanıtdırlıldı.

Artıq, hicri-qəməri tarixinin 13-cü və 14-cü əsrlərində demək olar ki, bu mühüm prinsipin yüksək səviyyədə parlayan zamanı idi. Şeyx Muhəmməd Həsən Nəcəfi (Cəvahirul-kəlam kitabının müəllifi; 1202-1266 qəməri), Şeyx Murtəza Ənsari (1214-1281 qəməri), Mirzə Məhəmməd Həsən Şirazi (1230-1312 qəməri), Seyid Muhəmməd Kazim Təbatəbai (1247-1337 qəməri) və Axund Məhəmməd Kazim Xorasani (1255-1329 qəməri) kimi fəqihlər, bu məqamı əyani olaraq tam həyata keçirə bildilər. Həmin dövrdə, Ayətullah Mirza Şirazinin tarixi fətvası (hökmü), Mərəcyiyyətin gücünü bir daha göstərərək, Mərcəi-təqlidin fətvasını, onun yalnız müqəllidlərinin ibadi əməllərinə məhdud olmamasını sübuta yetirdi.

Mərcəi-təqlid, qədim alimlər arasında yalnız fətva vermək (müftilik) həddində idi, lakin sonralar, bu məsələ öz həqiqətini tapdı və bir hakim olaraq tanındı. Buna şahid olaraq, Seyyid Murtəzanın, "Əz-Zəriə"  və Şeyx Tusinin "Əl-Uddə"  adlı Usuli-fiqh kitablarını göstərə bilərik. Bu kitabların İctihad və Təqlid bölümlərində, müftinin xüsusiyyətləri (sifətləri) yalnız elm və ictihadla məhdudlaşdırılmışdır. Halbuki, bu alimlər hakimin sifət və xüsusiyyətlərinə gəldikdə, son əsrlərdə müctəhidlərin Mərcəi-təqlid üçün sadaladıqları şərtləri qeyd etmişlər. Bu onu göstərir ki, əslində bu alimlərin nəzərinə əsasən Müfti və Mərcə arasında böyük fərq vardır.

Xatırladaq ki, Şeyx Mufid və Şeyx Tusi kimi fəqihlər, özlərini fətva məqamına sahib olan bir müfti görməkdən əlavə, hakimlik və rəhbərlik işlərini də həyata keçirirdilər. 

14-cü əsrin alimlərinin izahlarına əsasən, Mərcəi-təqlid şəriət hakimi və ümmət rəhbəridir. Odur ki, Mərcəi-təqlidin şərtlərində, müfitiyə məxsus olan, ictihad və elm şərtindən əlavə, hakimə aid şərtləri də, əlavə edirlər. 

Seyyid Murtəzanın zamanından bu bəhs elmi kitablarda xüsusi yer almışdır. Seyyid Murtəza, Şeyx Tusi və hətta Axund Xorasani bu məsələni Usuli-fiqh kitabında qeyd etmişlər. Sonralar ictihad və təqlid bəhsi, Məhəmməd Kazim Təbatəbai tərəfindən fiqhi kitablara daxil oldu. Əslində bu məsələ İslamda köklü bəhslərdəndir və etiqadi məsələ hesab edilir. Lakin təqlid etməyin keyfiyyət və təfərrüatı fiqhi məsələ olduğu üçün, fiqhi kitablarda da gətirilməsi məqsədə uyğundur.  

Konkretləşdirmə: Mərcəiyyət prinsipi, İmam Zamanın (ə) əmri ilə, elan edildi, Şeyx Tusinin zamanına kimi fətva və təqlid mərhələsində qaldı, Şeyx Tusinin zamanında ibtidai həddə də olsa öz əksini tapdı və nəhayət son əsrlərdə artıq kamil olaraq formalaşdı.

 

Ardı var…