Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BAXIŞ
İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilinin Şəvval ayının 25-də, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası İmam Baqirin (ə) məzarının yanında yerləşir. O Həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. O Həzrətin on övladı – 7 oğul və 3 qızı olmuşdur.
İmam Baqir (ə) Mədinədə yaşasa da, oğlu İmam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O Həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçmişdir.
İMAM SADİQİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR
İmam Sadiq (ə) hicrətin 114-cü ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, hicrətin 132-ci ilində Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir. O Həzrət aşağıda adıçəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur:
Hişam ibn Əbdülməlik (105-125 h.q.);
Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q.);
Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q.);
İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin 126-cı ilinin yetmiş gününü);
Mərvan ibn Məhəmməd (Mərvani-Himar) (126-132 h.q.).
Abbasilərindən isə iki xəlifənin müasiri olmuşdur: Abdullah ibn Məhəmməd Səffah (132-137 h.q.) və Mənsur Dəvaniqi (137-158 h.q.).
İMAM SADİQİN (Ə) ƏXLAQİ, ELMİ-FİQHİ ŞƏXSİYYƏTİ
Şiə etiqadına əsasən, İmam Sadiq (ə) Allah tərəfindən imamət məqamına təyin edilmişdir və belə bir inanc tərzinin yaranmasına səbəb olan məsələ o Həzrətin imamətə xas olan şərtlərə sahib olmasıdır. İmam Sadiq (ə) əhli-sünnə arasında da böyük elmi şəxsiyyət kimi tanınır. Əbu Hənifə və Malik ibn Ənəs kimi əhli-sünnə alimləri və öndərləri İmam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. “Maliki” məzhəbinin təsisçisi və imamı Malik ibn Ənəs İmam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edənlərdən biri kimi, o Həzrətin şəxsiyyətini belə vəsf edir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O Həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. O Həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olduğu halda görürdüm. O, bütün varlığı ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)
Əbu Hənifə də İmam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Muhəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)
Məşhur “Miləl və Nihəl” kitabının müəllifi Şəhristani imam Sadiqin (ə) elmi və əxlaqi şəxsiyyəti haqqında belə yazır: “O, dini məsələlərdə sonsuz elmə, hikmətdə kamil ədəbə, dünya və onun bərbəzəyi qarşısında isə güclü zöhd və təqvaya sahib, nəfsin istəklərindən uzaq bir şəxs idi.” (“Əl-miləlu vən-nihəl”, 1-ci cild, səh.147.)
Tarixi mənbələrdə İmam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.
Bir sözlə, İmam Sadiq (ə) öz dövründə – xüsusilə, cəmiyyətin alim və mütəfəkkirləri təbəqəsinin nəzərində – heyrətləndirici bir əzəmətə sahib idi. Əbu Zöhrə bu barədə belə yazır: “İslam alimləri o qədər fikirayrılıqlarına və məktəblərinin müxtəlifliyinə baxmayaraq, İmam Sadiqdən (ə) və onun elmi məqamından başqa, kiminsə haqqında yekdil fikirdə olmamışlar.” (“Əl-imamus-Sadiq (ə)”, Əbu Zuhrə, səh.66.)
Böyük şiə alimi Şeyx Müfid o Həzrət haqda yazır: “İslam alimlərinin o Həzrətdən nəql etdikləri hədislərin sayı qədər digər imamlardan nəql etməmişlər.” (“Kəsful-ğummə”, 2-ci cild, səh.166.)
İmam Sadiqdən (ə) nəql olunan İslam maarifi və hədislərin həcmi böyük olduğundan “şiə” məzhəbi “Cəfəri məzhəbi” adı ilə o Həzrətə mənsubdur. O Həzrətin hədislərinin çoxluğu iki səbəbdən qaynaqlanırdı:
Birinci səbəb odur ki, İmam Sadiq (ə) digər imamlardan çox yaşamış və altmış beş yaşı ilə Əhli-beyt imamlarının ən yaşlısı sayılır (hicri-qəməri təqvimi ilə 83-148). İkinci səbəb isə birinci səbəbdən daha önəmlidir, o da İmam Sadiqin (ə) yaşadığı dövrə hakim xüsusi şəraitdir. O Həzrətin imamət dönəmi Əməvilər hakimiyyətinin süqutuna, qüdrət və hakimiyyətin Əməvilər sülaləsindən Abbasilər sülaləsinə keçməsi və Abbasilər hakimiyyətin başlanğıcına təsadüf edirdi. O Həzrət bu fürsətdən və siyasi qüdrətin zəifliyi və boşluğundan səmərəli istifadə edərək, dini maarifin təbliği və nəşri ilə məşğul olmuşdur. Elə o Həzrətin dönəmində şiə məzhəbi kəlam, əxlaq, fiqh və digər elmi sahələrdə müstəqil hüviyyətə sahib oldu. Deyə bilərik ki, İmam Sadiqin (ə) elmi-mədəni cihadının əhəmiyyət və təsiri Şəhidlər sərvəri İmam Hüseynin (ə) qanlı Aşura qiyamından az deyildir.