İslamda “Mərcəiyyət” prinsipi 3-cü hissə - Müddəanın dəlilləri

Bir sıra dəlillər əsl fətvanın caiz (hətta vacib) olmasına, həmçinin əsl təqlidin caiz (hətta vacib) olmasına dəlalət edir:
1. Quran
 “Möminlər hamısı birlikdə səfər etməsinlər (döyüşə getməsinlər). Nə üçün hər tayfadan bir qrupu dini elmlərdə dərin biliyə sahib olmaq üçün (Peyğəmbərin yanına) köç etmirlər?! (Onlar gərək dərin elm əldə etmək üçün köç etsinlər) və vətənlərinə qayıtdıqda, öz qövmünü (tayfasını Allahın əzabından) qorxutsunlar ki, bəlkə onlar çəkindilər (və Allahın hökmlərinə əməl etdilər).” 
Bu ayə müsəlmanlara əmr edir ki, bir qrup (kifayi-vacib olaraq) elm dalınca getməli, dini elmi mükəmməl öyrənməli (mütəxəssis olmalı) və camaata çatdırmalıdır. Camaata da vacibdir ki, onların sözünə və dediklərinə əməl etsinlər.
Ayə xüsusi məqamda nazil olmasına baxmayaraq, ümumi məna daşıyır. Dində dərin bilgi əldə etmək, o sahədə mütəxəssis olmaq mənasınadır. Bu bilgi, dinin müxtəlif sahəsinə, o cümlədən fiqh elminə də şamildir. Bu ayə hər dövrün şəraitinə görə olan din elminin öyrənilməsinə dəlalət edir.
Bu ayənin, fətva və təqlidin caiz və vacib olmasına dəlalət etdiyini təkid edən fəqihlər və təfsir alimləri az deyil.
2. Hədislər
Fətva və təqlidin caiz olmasına dəlalət edən hədislər əsasən müstəfiz, hətta icmali mütəvatir həddindədir. Belə ki, onların bəzilərinin məsumdan olmasına insanda yəqin hasil olur. Bu baxımdan bu barədə olan hədislərin sənədləri kamil olmasa belə, alimlər bu hədislərin çoxluğuna görə onlara istinad edirlər.
Onlardan bəzisi, İmam Sadiq (ə) və İmam Rzanın (ə) öz səhabələrini xüsusi şagirdlərinə yönəltməsini göstərən hədislərdir.  
Bu hədislərə əsasən İmam Sadiq (ə) səhabələri, Zurarə bin Əyun, Əban bin Təğlib, Əbu Bəsir Əsədi,  Muhəmməd bin Muslim kimi tələbələrinə yönəldərək, dinlərini bunlardan əxz etməyə və öyrənməyə göstəriş vermişdir.
Həmçinin İmam Rza (ə) da, öz səhabələrini Zəkəriyya bin Adəm, Yunis bin Əbdur-Rəhman və Yunis Mövla ali Yəqtin kimi tələbələrinə yönəldibdir. 
Bəzi hədislər isə, birbaşa fətva verməyə və əsas qaydalardan hökmlər çıxarmağa göstəriş verən hədislərdir.
1. İmam Məhəmməd Baqir (ə), şagirdi Əban bin Təğlibə buyurdu: “Mədinə məscidində otur və camaata fətva ver. Mən çox sevirəm ki, şiələrimin içində sənin kimiləri görünsün.” 
2. Şiə məzhəbinin, eləcə də Əhli-sünnə məzhəblərinin fiqhinə agah olan, İmam Sadiqin (ə) səhabələrindən sayılan Məaz bin Müslim Nəhvi deyir: 
İmam Sadiq (ə) mənə belə buyurdu: “Eşitmişəm cami məscidində oturub camaata fətva verirsən. Ərz etdim: Bəli, mən sizdən ayrılmamış bu barədə soruşacaqdım. Mənim yanıma gələnlərin bəziləri müxalif məzhəblərdəndir, onlara öz fiqhlərinə uyğun cavab verirəm. Bəziləri sizin şiələrinizdəndir, onlara sizdən öyrəndiklərimi deyirəm. Bəzilərinin məzhəbini bilmədiyim üçün bütün məzhəblərin rəyini deyirəm. İmam (ə) buyurdu: Elə də et. Mən özüm də bu işi görürəm”. 
3. İmam Sadiqin (ə) səhabəsi və şagirdi Hişam bin Salim, İmam Sadiqdən (ə) belə rəvayət edir:
“Bizim vəzifəmiz sizə fiqhin əsas qaydalarını təlim etmək, sizin vəzifəniz isə o qaydaları uyğun təfərruatlara tətbiq etməkdir”. 
4. Həmçinin İmam Rzanın (ə) məşhur səhabəsi və şagirdi Əhməd bin Muhəmməd bin Əbi Nəsr Bəzənti, İmam Rzadan (ə) belə nəql edir: 
 “Bizim vəzifəmiz sizə qaydaları öyrətmək, sizin vəzifəniz isə o qaydalardan istifadə edib onun təfərruatını çıxartmaqdır”.  
3. Sirətul-uqəla (Ağıl sahiblərinin yol və davranışları)
Hər sahənin mütəxəssisinə müracət etmək ürf və camaat arasında normal qarşılanır. Belə ki, hər bir şəxs təbii olaraq, xüsusilə mühüm məsələlərdə bunu özünə vacib bilir. Ağıl sahiblərinin bu yol və sirəsi nəinki şəriət tərəfdən inkar edilməyib, əksinə təsdiq edilmişdir.
Diqqət: Bu üç dəlil yalnız fətva və təqlidin icazəli (hətta vacib) olmasını göstərir. Amma Mərcəiyyət məqamını bir prinsip və İslamın əsası kimi sübut edə bilmir.

 

Ardı var…