Yeni agentura iddiası ilə növbəti həbs dalğası olacaqmı?

2022-ci ilin gəlişindən gərginliyin seyr olunduğu Azərbaycanda reallıq əfv sərəncamında öz təsdiqini tapdı. Mövzu bir az da şəffaflanaraq inanclılara qarşı sərt bir dönüşün və ya siyasi dillə desək, “təmizlənmə siyasəti”nin olacağı ehtimalı çılpaqlığı ilə özünü göstərməyə başladı.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda hər il dini düşüncəsinə görə inanclılar həbs edilməsi mütəmadi olaraq qeydə alınır. Hətta 2010-cu ildən başlayaraq ölkədə siyasi məhbusların böyük əksəriyyətini məhz inanclılar təşkil edir. Bu da qeyd olunmalıdır ki, onların bir çoxu xariclə, xüsusi olaraq İranla əməkdaşlıq adı ilə saxlanılsa da, məhkəmələr müddətində bütün bunlar öz təsdiqini tapmır. Lakin hakimiyyət xüsusilə şiə inanclıları, ölkənin daxilində məhdudlaşdırma siyasətinə qarşı çıxacaq potensial qüvvə kimi gördüyündən, onları bu adla həbs etməyə davam edir. Həmçinin hər ötən il ölkədə dinin sərhədləri daraldılaraq dözülməz həddə çatmaqdadır.
Bəs görəsən son hadisələr nəyi vəd edir? Mətbuatın manşetlərində tirajlanan və şübhəsiz, hakimiyyətin bundan öncə də siyasətinə xidmət edən belə məlumatlar nədən xəbər verir? Həqiqətən də, on gün ərzində “İran agenturasına” cəsusluq adı altında "təmizləmə siyasəti" gerçəkləşəcəkmi? Yoxsa bu, İranla gərginlik fonunda qonşu dövlətə göz dağı vermə, qıcıqlandırma siyasətinə hesablanıb?
Bu, yalnız gələcək günlərdə baş verəcək və ya əksini deyə biləcək bir ehtimaldır. Lakin həqiqət başqa bir fikri diktə edir: Bundan öncə də ölkədə dini dəyərlərin hakimiyyətin arzuladığı vəziyyətə gətirilməsi üçün inanclı və ruhanilərin həbsi, dini medianın qapadılması, İslam təbliğçilərinin, məddahlardan şairlərə qədər, hər kəsin nəzarətə alınma siyasətinə hesablanmış həbs dalğası bu gün İranla gərginlik fonunda hakimiyyətə arzusunu gerçəkləşdirmək üçün daha münbit şərait yaradır. Belə ki, məscidlərdən başlanan ruhanilərin dəyişdirilməsi siyasəti, dini "modern" bir formaya salma cəhdlərinə etirazların boğulması, qarşıda gerçəkləşəcək dini fəaliyyətlərin sıxışdırılmasına hesablanan layihəyə maneəni “İran agenturası” adı ilə aradan qaldırmaq indiki vəziyyətə tam mütənasibdir. Əks halda ölkəmizin gərgin durumda olduğu zamanda, xalqın birliyi arzulanan atmosferdə, həbs dalğası nəyə lazım olsun ki?
Ölkədə “İranın agenturası” adlanan hansısa meylin ehtimalları heç mikroskop altında da görünmür. Belə olan halda gərginlik yaratma cəhdi ölkənin daxilində deyil, tam fərqli - üçüncü dövlətin ölkə şiəliyinə təzyiqinin növbəti mərhələsi olaraq gerçəkləşmə ehtimalını ortaya qoyur. Şübhəsiz, hələlik seyr olunmayan həbs dalğası əgər özünü təzahür etdirərsə, bu yalnız və yalnız ölkədaxili şiəliyin məhdudlaşdırılmasına hesablanan anti-şiə şəbəkələrinin növbəti addımı kimi qiymətləndirilə bilər.

Müsəlman Birliyi Hərəkatı Təhlil Mərkəzi.
31.10.2022.