“İmam Hüseyn (ə) Səfiri” xəstəxanasında bir ayda 2029 pulsuz əməliyyat

Kərbəlada yerləşən İmam Hüseyn (ə) Ziyarətgahının “İmam Hüseyn (ə) Səfiri” Cərrahiyyə Xəstəxanasında bir ayda 2 mindən çox pulsuz əməliyyat icra edilib.

Məlumata görə, 2025-ci ilin sentyabr ayı ərzində 2029 cərrahi əməliyyat reallaşıb.

Əməliyyatların hamısı İmam Hüseyn (ə) Ziyarətgahının maliyyə dəstəyi ilə, tamamilə ödənişsiz şəkildə həyata keçirilib.

Xəstəxananın məsul şəxsi Abbas Əbdüəli açıqlamasında bildirib ki, bu əməliyyatlar xəstəxananın bütün tibbi ixtisas sahələrini əhatə edib və onların arasında “xüsusi, mürəkkəb və nadir cərrahi əməliyyatlar” da yer alıb.

Onun sözlərinə görə, müalicə xidmətlərindən Kərbəla əhalisi ilə yanaşı, digər vilayətlərdən gələn xəstələr də yararlanıblar. Əbdüəli qeyd edib ki, Ali Dini Rəhbərliyin (Ayətullah Sistani) nümayəndəsi şeyx Əbdül-Mehdi Kərbəlai xəstələrin dəstəklənməsi və onlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi məsələsinə xüsusi diqqət yetirir.

Məlumata görə, xəstəxananın bütün əməliyyatları peşəkar tibbi heyət tərəfindən icra olunur. “İmam Hüseyn (ə) Səfiri” ixtisaslaşdırılmış xəstəxanası İmam Hüseyn (ə) ziyarətgahının yaxınlığında yerləşir, 24 saat fasiləsiz fəaliyyət göstərir, müasir avadanlıqlarla təchiz olunub və inkişaf etmiş əməliyyat otaqlarına malikdir.