Qarabağ müharibəsi qazisinin intihar etdiyi bildirilir

Babək rayonunun Nehrəm qəsəbə sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı, hərbçi Vüsal Məhərrəm oğlu Əliyevin intihar etdiyi bildirilir.
Mərhumun atası Məhərrəm Əliyev bildirib ki, müharibədən sonra V.Əliyevin səhhətində problemlər yaranıb:
“Öz gücümə aparıb bir neçə dəfə müalicə etdirdim. Sonralar tez-tez təlimdə olduğu üçün müalicəni davam etdirə bilmədi. Hadisədən hardasa 10 gün qabaq yenə başında ağrılarının olduğunu dedi. Tez-tez yuxudan dik atılırdı. Getdi hərbi hospitalda yoxlandı. Həkimlər dərman-filan yazmışdılar ki, 10 gün sonra gələrsən yenidən baxarıq. O da heç qismət olmadı. Son vaxtlar əsəbi idi, yatmırdı. Deyirdi, boğuluram. Yuxuda tez-tez döyüş yoldaşlarını gördüyünü deyirdi. “N” saylı hərbi hissədə xüsusi təyinatlı olaraq xidmət edirdi. Çox sirr verən adam deyildi”- atası yerli mediaya belə deyib.
Atanın sözlərinə görə, oğlu 44 günlük müharibədə iştirakına görə 5 medalla təltif edilibmiş. Müharibədən sonra da orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirirmiş.
“Vüsal “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”,“Füzulinin azad olunmasına görə, “Xocavəndin azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medallarına layiq görülmüşdü. Şuşa döyüşlərində qəlpə yarası almışdı. 8-ci il idi ki, hərbidə işləyirdi. Hərbi rütbəsi çavuş idi”.
Məsələyə özünün “Facebook” səhifəsində münasibət bildirən AXCP sədri Əli Kərimli də Vüsal Əliyevin özünə qəsd etdiyini vurğulayıb:
“Hökumətlə məsələ aydındır. Onlar nə şəhid, nə qazi qədri bilən deyillər. İmkanları olsa, hamısını unutdurar və iddia edərlər ki, Qarabağı İlham Əliyev təkbaşına azad edib. Qarabağ üçün nə həyatını, nə də sağlamlığını qurban verənlər olub. Lakin bununla belə qazilərimizin kütləvi şəkildə özünü öldürmə həddinə çatdırılmasında cəmiyyət, xalq olaraq bizim hamımızın da məsuliyyətimiz var. Onlara qarşı dəhşətli biganəliyi gündəmdə saxlaya bilmirik. Onların başına gətirilən haqsızlıqların məsuliyyətini xalq olaraq rejimdən tələb edə bilmirik. Qazilərimizə, şəhidlərimizə, onların ailə üzvlərinə daha həssas yanaşmalıyıq”.
Rəsmi olaraq Vüsal Əliyevin ölüm səbəbi açıqlanmayıb. Aidiyyatı qurumlar bu barədə açıqlama verməyiblər.